“Uşağın hüququ hesabat cədvəlindəki xana deyil” - Vəkildən komitəyə irad
Gündəm
Ailə, qadın və uşaq məsələləri haqqında danışanda diqqətli olmaq lazımdır. Hətta komitə sədrinin müavini olarkən. Çünki bu sahədə hər cümlənin arxasında real ailə, real uşaq, real ana, real hüquq və çox vaxt gecikmiş müdaxilə dayanır.
Ona görə də yerli icra hakimiyyətlərini aliment statistikası üzərindən ictimai formada tənqid etmək mənə peşəkar baxımdan doğru yanaşma kimi görünmür.
Mən bunu kənardan danışmıram. Beş il Qəyyumluq və himayəçilik orqanının rəhbəri işləmişəm. Eyni zamanda rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiri olmuşam. Bakı şəhərində rayon icra hakimiyyətlərindən birinin hüquq şöbəsi müdirinin həm də qəyyumluq və himayəçilik komissiyasına sədrlik etməsi adi hal deyildi. Respublika üzrə də bu, maksimum bir neçə istisnadan biri idi.
2019-cu ildə mənə göstərilən etimad həmin dövr üçün sadəcə inzibati təyinat deyildi. Bu, bir vəkilin, hüquqşünasın və dövlət qulluqçusunun ailə, uşaq, valideyn məsuliyyəti və qəyyumluq-himayəçilik məsələlərində hüquqi baxışla iştirak etməsi idi. Həmçinin, Elina adlı məktəblinin ölümünə cavab tapmaq idi. Çünki bu sahə sadəcə “humanitar məsələ” deyil. Uşaq hüququ, aliment, valideyn məsuliyyəti, qəyyumluq, himayəçilik, yaşayış yeri və ünsiyyət hüquqi nəticə doğuran məsələlərdir.

Etiraf edim ki, o sistemin içində işləyəndə məni ən çox narahat edən məqamlardan biri qəyyumluq və himayəçilik orqanları haqqında normativ bazanın köhnəliyi idi. 1985-ci ilin Azərbaycan SSR dövründən qalmış əsasnamə ilə müasir ailə münasibətlərini, müasir uşaq hüquqlarını və real sosial riskləri idarə etməyə çalışırdıq. Bu, hüquqşünas üçün sadəcə texniki problem deyil. Bu, peşəkar narahatlıqdır.
Dəfələrlə şəxsən xahiş etmişəm. Dəfələrlə təklif etmişik. Hətta bir vaxtlar düşünürdüm ki, yeni əsasnamə layihəsini özüm hazırlayım və təqdim edim, çünki sahə bunu tələb edirdi və edir.
İndi isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli icra hakimiyyətlərini aliment statistikası ilə bağlı tənqid etməsini oxuyanda məndə çox sadə sual yaranır.
Dövlət nəzarətini həyata keçirən orqanın nümayəndəsi bilmirmi ki, yerli icra hakimiyyətlərində aliment ödəyicilərinin və alimentdən yayınan şəxslərin real ilkin statistik bazası olmur? Bu fikri söyləyən şəxs özü yerli icra hakimiyyətində rəhbər vəzifədə çalışıbsa, bu vəziyyəti daha traqikomik edir.
Aliment icra hakimiyyətinin gündəlik uçot predmeti deyil. Aliment məhkəmə qərarı, icra sənədi, icra məmuru, borclu statusu və məcburi icra mexanizmi ilə bağlı məsələdir. Bu məlumatın təbii mənbəyi icra hakimiyyəti deyil. Bu məlumat ilk növbədə müvafiq icra və məhkəmə-icra sistemində formalaşır.
Əgər belə bir məlumat yerli icra hakimiyyətindən soruşulursa, cavabın formal olacağı təəccüblü olmamalıdır. Çünki yanlış mənbədən dəqiq statistika gözləmək özü metodoloji problemdir.

Məsələ ortadadır. Həvalə edilmiş dövlət nəzarəti “siz pis işləyirsiniz” demək deyil. Dövlət nəzarəti hansı məlumatın harada yarandığını bilməkdir. Dövlət nəzarəti sorğunu düzgün qurmaqdır. Dövlət nəzarəti yerli səviyyədə real yükün nə olduğunu görməkdir. Dövlət nəzarəti illərlə dəyişməyən mexanizmləri yeniləmək məsuliyyətidir.
Ali dövlətin müəyyən quruma nəzarət səlahiyyəti verməsi həmin səlahiyyətdən yalnız başqasını ittiham etmək üçün istifadə etmək anlamına gəlmir. Əksinə, belə səlahiyyət daha yüksək peşəkarlıq, daha düzgün metodologiya və daha məsuliyyətli koordinasiya tələb edir.
Yerli icra hakimiyyətlərində məsələ təkcə qəyyumluq və himayəçilik komissiyası ilə də bitmir. Qəyyumluq və himayəçilik komissiyası faktiki olaraq ictimai əsaslarla fəaliyyət göstərən bir mexanizmdir. Komissiyanın üzvləri əksər hallarda icra hakimiyyəti aparatının əməkdaşları olur. Əlavə olaraq tibb və təhsil müəssisələrindən də bir-iki nümayəndə cəlb edilir. Onların da daimi və operativ iştirakı hər zaman mümkün olmur. Bunun üzərinə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın işi, habelə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyəti əlavə olunur. Hamısı da böyük ölçüdə ictimai əsaslarla, əlavə institusional resurs ayrılmadan həyata keçirilir.
Bu reallığı görmədən yerli icra hakimiyyətlərindən ideal koordinasiya, tam statistika və hər məsələyə dərhal cavab gözləmək sahənin praktik yükünü anlamamaqdır.
.jpg)
Fəaliyyət göstərdiyim dövrdə bu sahədə ən real və ən əməli dəstəyi Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq Cinayət təqibindən kənar icraatlar idarəsi göstərib. Bunu xüsusi qeyd etməyi vacib sayıram. Çünki orada yanaşma formal deyildi. Proaktiv idi, operativ idi və yerli səviyyədə yaranan real hüquqi problemlərə ölkə miqyasında praktik reaksiya verilirdi.
Deməli, sistemdə işləyən nümunə var. Sadəcə həmin nümunə ümumi dövlət mexanizminə çevrilməyib.
Mən yerli icra hakimiyyətlərinin ideal işlədiyini demirəm. Nöqsanlar həddindən artıq çoxdur və buna qiyməti də verəcək şəxs deyiləm. Lakin, dünyanın heç bir yerində, heç bir dövlət qurumu ideal deyil. Amma bu məsələdə əsas problem yerli icra hakimiyyətlərinin üzərinə yüklənəcək qədər sadə deyil.
Əgər problem alimentdirsə, icra xidməti ilə real elektron inteqrasiya qurulmalıdır. Əgər problem məişət zorakılığıdırsa, risk xəritəsi və operativ müdaxilə mexanizmi işləməlidir. Əgər problem qəyyumluq və himayəçilikdirsə, 1985-ci ilin ruhundan çıxıb müasir hüquqi həll tapılmalıdır. Əgər problem məlumat mübadiləsidirsə, sorğu hansı quruma, hansı əsasla və hansı metodologiya ilə göndərildiyi əvvəlcədən dəqiq müəyyən edilməlidir.
Yoxsa hər il eyni mənzərə təkrarlanacaq. Mərkəzi icra hakimiyyəti orqanı yerli icra hakimiyyəti orqanından statistik rəqəm istəyəcək. Rayon özündə formalaşmayan məlumatla bağlı formal cavab verəcək. Sonra həmin cavab ictimai şəkildə tənqid olunacaq. Amma real mexanizm yenə dəyişməyəcək.
Uşaq isə alimentini gözləyəcək.
Ana isə icra məmurunun, məhkəmənin, icra hakimiyyətinin və komitənin arasında qalacaq.
Komitə isə kağız üzərində “nəzarət” etmiş olacaq.
Zənnimcə, məsələ yerli icra hakimiyyətləri ilə “çətin işləmək” deyil. Məsələ ondadır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə nəzarət funksiyasını daha dərin, daha peşəkar və daha işlək mexanizmə çevirməlidir. İstənilən akademik dəstəyi göstərməyə də hazıram.
Çünki uşağın hüququ hesabat cədvəlindəki xana deyil.
Ailənin problemi sorğu blankındakı rəqəm deyil.
Həvalə olunmuş dövlət nəzarəti isə formal irad bildirmək deyil.
Ən təhlükəli “0” statistikada yazılan sıfır deyil. Ən təhlükəli “0” sistemin real həll istehsal etmək gücündə yaranan sıfrıdır.
Yaqub Nəcəfli
Vəkillər Kollegiyasının üzvü,
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA) üzvü, "O.P. Jindal Global University"nin dosenti
Web: www.najafli.az