Ərə verilən 14 yaşlı qız danışdı: "18 yaşıma kimi gözləyəcəkdilər" - Video
Hadisə
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan 14 yaşlı qız danışıb.
News24.az xəbər verir ki, o açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib:
"Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".
N.Əsgərova oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib:
"Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".
N.Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:
"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur".
(teleqraf.az)