Rəssam iki nəşriyyatı məhkəməyə verdi - 20 minlik iddia

Rəssam iki nəşriyyatı məhkəməyə verdi - 20 minlik iddia Hadisə

“Səbail Rayon Məhkəməsində mənim iddiam üzrə 4 dəfə məhkəmə prosesi keçirilib. Hər birinə də qatılmışam. Qarşı tərəfdən isə “Qanun” nəşriyyatının nümayəndələri ümumiyyətlə məhkəmədə iştirak etməyib. “Xan” nəşriyyatının təmsilçisi isə əvvəllər prosesdə təmsil olunurdular, sonuncuya onlar da gəlmədi”.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Pəri Miniatür deyib.

O bildirib ki, çəkdiyi rəsmlərdən qanunsuz şəkildə istifadə edən hər nəşriyyata qarşı 10 min manat təzminat iddiası qaldırıb:

“Hətta onlarla danışığa da getməyə hazır idik. Məhkəməyə də yalan məlumat veriblər ki, zəng vurublar, açmamışıq. Mənim heç başqa nömrəm də yoxdur. Belə bir şey olmayıb. Hər iki nəşriyyatın rəhbərliyi bilir ki, mənim əl işlərimi istifadə ediblər. Bunu da boyunlarına alırlar.

Əvvəldən mənimlə hörmətlə danışmadıqları üçün onları məhkəməyə vermişəm. Eyni zamanda öz əqli mülkiyyətimi qorumaq üçün bunu etmişəm. Onlara da cəza olaraq təzminat tələbi irəli sürmüşəm. İş məhkəmə baxışına verilib. Güman ki, artıq yekun qərar elan ediləcək. Hər nəşriyyatdan 10 min manat təzminat tələb edirəm”.


Qeyd edək ki, Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə verib. (Yenisabah.az)