Dollar ilə bağlı proqnoz DƏYİŞDİ: - Manatın məzənnəsi belə olacaq

Dollar ilə bağlı proqnoz DƏYİŞDİ: - Manatın məzənnəsi belə olacaq İqtisadiyyat

Yaxın Şərqdə İsrail və İran arasında gərginliyin müharibə həddinə çatması qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. Xüsusilə, enerji bazarında qeyri-müəyyənlik artdığı üçün neftin qiymətində kəskin sıçrayış müşahidə edilir. 

Eyni zamanda, investorlar riskdən yayınaraq dollar və qızıla üz tuturlar. Bu qarşıdurmanın uzunmüddətli davam etməsi dünya iqtisadiyyatına, xüsusilə də enerji tədarükü və valyuta sabitliyinə birbaşa təsir göstərə bilər. Hazırkı vəziyyət, təkcə region üçün deyil, beynəlxalq ticarət və bazarlar üçün də ciddi siqnaldır

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli News24.az-a açıqlamasında bildirib ki, bu qarşıdurmanın dollara birbaşa təsiri hələlik məhduddur, lakin neft bazarında yaranacaq təlatüm nəticəsində qlobal iqtisadi tarazlıq pozula bilər:

"Bu müharibə təkcə iki ölkənin sərhədləri ilə məhdudlaşmasa, genişlənərsə və xüsusilə İran Hörmüz boğazını bağlasa, nəticələr ciddi olacaq. Bu ssenari reallaşarsa, dünyanın neft infrastrukturunda ciddi pozuntular yarana bilər. Müharibənin bütün Yaxın Şərqi əhatə etməsi dünya bazarına çıxarılan neftin 50-60 faiz azalmasına gətirib çıxara bilər. Hazırda belə bir təhlükənin ilk əlamətləri hiss olunur – artıq dünya bazarına çıxan neftin 20 faizi gecikir".

İqtisadçı hesab edir ki, vəziyyət belə davam edərsə, nəftin qiyməti 100 dolları keçə bilər. Bu da özü ilə ciddi iqtisadi nəticələr gətirəcək:

“Neft qiymətlərinin sürətlə artması dünya üzrə inflyasiya təzyiqlərini gücləndirəcək. İnflyasiya artdıqca, maliyyə bazarlarında qeyri-sabitlik yaranacaq. Bu isə birbaşa olmasa da, dolayı yolla dolların məzənnəsinə təsir göstərəcək. Belə şəraitdə nəinki Azərbaycanda, bütün dünyada dolların qiymətində dəyişikliklər ola bilər”.

Aqil Qarayev