Mask və Baydenin arası niyə - dəydi?
Maraqlı
Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti texnologiya milyarderi İlon Mask ilə ABŞ prezidenti Co Bayden arasının niyə dəydiyini qiymətləndirib.
News24.az xəbər verir ki, Maskın Donald Trampa dəstəyinin bir hissəsinin Baydenin onu rədd etməsinə əsaslandığı düşünülür.
2021-ci ilin əvvəlinə Maskın Tesla şirkəti ABŞ yollarında elektriklə işləyən avtomobillərin təxminən üçdə ikisini istehsal edib.
Lakin Tesla həm də həmkarlar ittifaqı fabrikində işçiləri olmayan yeganə ABŞ avtomobil istehsalçısı idi və onun bəzi əmək təcrübələri federal tənzimləyicilər tərəfindən yoxlanılırdı.
Anonim qalmaq istəyən mənbələr elektrik avtomobil nəhəngi Tesla-nın baş direktoru Maskın bu müddət ərzində dəfələrlə Baydenlə əlaqə saxlamağa çalışdığını, lakin Ağ Evdən müsbət cavab almadığını iddia edir.
Qeyd edək ki, televiziyaya verdiyi müsahibədə Baydenə səs verdiyini açıqlayan və bir neçə il əvvələ qədər yalnız demokratlara səs verdiyini deyən Tesla patronu dəfələrlə soyuq qarşılanıb.
Məsələ ilə tanış olan insanların sözlərinə görə, Baydenin komandası Ağ Evin Maskdan məsafə saxlamasını istəyən güclü Birləşmiş Avtomobil İşçiləri həmkarlar ittifaqını qəzəbləndirmək istəməyib.
Daha sonra 2021-ci ilin avqustunda Bayden elektrikli avtomobil tədbiri keçirərək, 2030-cu ilə qədər satılan bütün yeni avtomobillərin yarısının sıfır emissiyalı nəqliyyat vasitələri olmasını hədəfləyən bir sərəncam imzalayıb.
Tədbirdən bir qədər əvvəl Ağ Ev rəsmiləri Tesla-ya üzr istəmək üçün zəng ediblər: Mask dəvət olunmamışdı.
Bunun əvəzinə Bayden daha üç avtomobil şirkətinin rəhbərlərini qəbul edib: General Motors, Ford Motor və Chrysler-in ana şirkəti Stellantis.
Texnologiya milyarderi Demokratlar Partiyasının “nifrət və parçalanmaya əsaslanan” siyasət yürütməyə başladığını əsas gətirərək, noyabrın 5-də keçiriləcək seçkilərdə Donald Trampa səs verəcəyini bildirib.
Xatırladaq ki, Mask bu həftə sahib olduğu X sosial media platformasında Respublikaçı liderlə də müsahibə verib.
Günel Məlikzadə