İnfarkt zamanı ilkin tibbi yardım necə olmalıdır? - Açıqlama
Sağlamlıq
"Ürək tutması təcili tibbi yardım tələb edən ciddi bir vəziyyətdir".
News24.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin TTY şöbəsinin müdiri Sevinc Tağıyeva deyib. O bildirib ki, bu halın əsas səbəbi ürək əzələsi, miokardın qanla təminatının ya kəskin şəkildə azalması, ya da tamamilə dayanmasıdır:
“Belə hallarda xəstənin həyatı saniyələrdən asılı olur. Bəzi hallarda isə bu vəziyyət miokard infarktı ilə nəticələnə bilər ki, bu zaman da sürətli və düzgün ilkin yardım həyati əhəmiyyət daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, ürək tutmasının əsas əlaməti sinədə yaranan kəskin, sıxıcı xarakterli ağrılardır. Bu ağrılar çox zaman sol qola, kürəyə, çiyinə və hətta çənəyə yayıla bilər. Belə vəziyyətdə ilkin tibbi yardım göstərilərkən insanlar soyuqqanlı davranmalı, panikaya düşməməlidirlər. Xəstə dərhal sakit və havası təmiz bir mühitə yerləşdirilməli və sakitləşdirilməlidir. Daha sonra xəstəyə yarımoturaq vəziyyət verilməlidir ki, bu pozisiya ürəyə olan yükü azaldır və qan dövranını yüngülləşdirir. Bundan sonra 300 mq dozada aspirin verilməlidir. Vacib məqam: aspirin çeynənməlidir, udulmamalıdır. Eyni zamanda nitroqliserin preparatı da istifadə edilə bilər. Bu dərman qan damarlarını genişləndirir və ürəyə qan axınını yaxşılaşdırır. Nitroqliserin 1 tablet olmaqla, 5 dəqiqəlik fasilələrlə maksimum 3 doza şəklində verilə bilər. Əgər xəstənin nəbzi və tənəffüsü yoxdursa, dərhal ürəyin qapalı masajına (kardiopulmonar reanimasiya — CPR) başlanılmalıdır. Bu, xəstənin həyatını xilas edə biləcək əsas addımdır”,- deyə həkim əlavə edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib. (Trend.az)