Qazaxda MRT cihazı illərdir anbarda saxlanılır - – Sakinlər aldadılıb
Sağlamlıq
Qazax Rayon Mərkəzi Xəstəxanasında uzun illərdir davam edən böyük bir problem üzə çıxıb.
News24.az-a daxil olan məlumata görə, xəstəxanada illərdir mövcud olan MRT (Maqnit-Rezonans Tomoqrafiya) cihazı istifadəyə verilməyib. Cihaz xəstəxanaya gətirildiyi gündən bəri orijinal paketində anbarda saxlanılıb. Bu müddət ərzində isə xəstəxanaya MRT müayinəsi üçün müraciət edən rayon sakinlərinə “MRT cihazı yoxdur” cavabı verilib.
Bu vəziyyət sakinlərin Tovuz, Gəncə və digər qonşu rayonlara üz tutmasına səbəb olub. Sakinlər əlavə maddi və vaxt itkisi ilə üzləşərək, bu rayonlarda tibbi xidmətlərdən istifadə etmək məcburiyyətində qalıblar.
Qazax Rayon Mərkəzi Xəstəxanasına uzun müddət Sevda Məmmədova rəhbərlik edib. O, 2017-2019-cu illərdə baş həkim, 2019-2024-cü illərdə isə baş direktor vəzifəsində çalışıb. Ancaq onun rəhbərliyi dövründə belə bir vacib tibbi cihazın istifadəyə verilməməsi ciddi suallar yaradır. Sevda Məmmədovanın vəzifəsinə 2024-cü ilin dekabr ayında xitam verilib.
News24.az yazıda qeyd edilən problemin tezliklə həll edilməsinə ümid edir və mövzu ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanasının mövqeyini dərc etməyə hazır olduğunu bildirir.