"ABŞ təhlükəli Yunanıstan sularında "üzür" - Türkiyəli politoloq

"ABŞ təhlükəli Yunanıstan sularında "üzür" - Türkiyəli politoloq Siyasət

Birləşmiş Ştatlar  Yunanıstandakı Suda bazası və Afina yaxınlığındakı Elefsina Hərbi Hava Limanına çoxlu sayda hərbi təyyarə yerləşdirib. 

Bir sıra türkiyəli ekspertlər bildirir ki, ABŞ ilə Yunanıstan arasındakı hərbi razılaşma, Yunanıstanda qurulan hərbi bazalar  “Türkiyənin yüksəlişini dayandırmaq” və “Türkiyəni mühasirəyə almaq” məqsədi daşıyır. 


Bəs, iddialar özünü nə dərəcədə doğruldur? ABŞ-nin məqsədi Türkiyəni mühasirəyə almaqdır?

Mövzu ilə bağlı New24.az-a danışan türkiyəli politoloq Aydın Sezer bildirdi ki, son illər, xüsusilə də Suriyada cərəyan edən hadisələrlə paralel olaraq Türkiyə və ABŞ münasibətləri arasında  bir sıra problemlər var.

“Türkiyənin Rusiyadan S-400 raket alması Birləşmiş Ştatlar tərəfindən sanksiyaların tətbiqinə səbəb oldu. Problemlər bununla da kifayətlənmir. Eyni zamanda "Halkbank" davası ABŞ-də davam edir. Üstəgəl Amerikanın Türkiyədə insan haqları və demokratiyanı  tənqid etməsi də münasibətləri korladı. Son 10 il ərzində ABŞ-Türkiyə münasibətlərinin gerilədiyi bir vaxtda Amerikanın Yunanıstanda hərbi bazalar qurmaqla və mövcud bazaları genişləndirməklə silahlı istehkam etdiyini müşahidə edirik”.

Politoloq hesab edir ki, mövcud situasiyada Türkiyə hədəf seçilməyib: 

“Hazırda dünyada Rusiyanın sıxışdırılması fonunda ABŞ Yunanıstanla münasibətlərdə yaxınlaşmağı xüsusilə seçib. Hərbi hərakatlar bu dəfə Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı gündəmə gəlib”.

Sezerin fikrincə, İsrail və Qəzza sahillərində Amerika hərbi gəmilərinin mövcudluğu fonunda ABŞ-nin Yunanıstana hərbi baza yaratmaq istəyi, Yaxın Şərqdə meydana gələn hər hansı münaqişəyə dəstək vermək məqsədi daşıyır. 

“Əsas hədəfin Türkiyə olduğu qənaətində deyiləm. Görünən odur ki, ABŞ özünə Türkiyədən daha "etibarlı" bir "şərik" seçib”, - deyə o, fikrini yekunlaşdırıb.

Ayşən Rəhim