"Bu, regionda böyük güclərin oynamaq istədikləri oyunlarını pozur"

"Bu, regionda böyük güclərin oynamaq istədikləri oyunlarını pozur" Siyasət
“Azərbaycanın müstəqil siyasət həyata keçirməsi ayrı-ayrı beynəlxalq gücləri narahat edir”.

Bu sözləri News24.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Piter Mişalkonun təşəbbüsü ilə ABŞ, Kanada, Fransa, Almaniya diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbir haqqında danışarkən deyib. O bildirib ki, Fransa başda olmaqla bir qism Avropa İttifaqı dövlətlərinin, eləcə də ABŞ və Kanadanın Azərbaycan qarşı fəaliyyəti yeni bir şey deyil. 

"Hər birimiz zamanla bu ölkələrin dövlətimiz əleyhinə bəyanatlarla çıxış etdiyinin, ayrı-ayrı beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı qətnamələrin qəbuluna müəlliflik etdiyinin şahidi olmuşuq.Səbəblər müxtəlif olsa da məqsəd həmişə bir olub. Bu yolla Azərbaycana təzyiqlər etmək və istədiklərini həyata keçirmək. İndi də Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Piter Mişalkonun təşəbbüsü, ABŞ, Kanada, Fransa, Almaniya diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbir KİV haqqında qanunu bəhanə edərək yeni bir kampaniyaya başlama cəhdidir və heç də söz azadlığı və ya insan hüquqlarının müdafiəsindən irəli gəlmir. Belə ki, Azərbaycanda "Media haqqında" yeni qanunun qəbulu keçən ilin fevral ayına təsadüf edir və üzərindən bir il vaxt keçir. Keçən bu bir il ərzində adı çəkilən ölkələrdən hər hansı birinin nə qanunun müzakirəsi zamanı, nə də qəbulundan sonra bu istiqamətdə hansısa açıqlamasına və ya etirazına şahidlik etməmişik. İndi birdən-birə bu istiqamətdə “fəallıq” göstərilirsə, demək ki, məqsəd başqadır".

Politoloqun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir: 

"Böyük qlobal layihələrin müəllifi və əsas iştirakçısı qismində işlər görür. Bütün bu fəaliyyət, qəbul olunmuş istənilən qərar Azərbaycanın dövlət maraqlarını əsas tutaraq qəbul olunur. Bu isə ayrı-ayrı beynəlxalq gücləri təbii olaraq narahat edir. Onlara Cənubi Qafqazda Ermənistan kimi hər tapşırığı icra etməyə, öz maraqlarını böyük dövlətlərin maraqlarına qurban verməyə hazır olan bir Azərbaycan lazımdır. Odur ki, bütün imkanları ilə müxtəlif bəhanələrlə təzyiqlər göstərməkdə davam edirlər".

"Azərbaycanın öz təbii sərvətlərinin talan olunmasına biganə qalmaması, Laçın yolunda gənclərimizin, ekoloqların, vətəndaş cəmiyyəti fəallarının arıq 68 gündür ki, təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasına, həmin yoldan silah-sursat, mina daşınmasına göz yummayaraq aksiya keçirməsi həmin ölkələrin regionda oynamaq istədikəri oyunlarını pozur. Çünki Ermənistanın ABŞ və ümumilikdə Qərb qarşısında öhdəlikləri olduğu kimi bu ölkələrin də Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Məlumdur ki, Paşinyanın ən əsas öhdəliyi Rusiyanın Ermənistan ərazisindən çıxarılmasıdır. Paşinyan isə bunun müqabilində həmin ölkələrdən maksimum qarantiya istəyir. Buraya təbii olaraq Xankəndi və digər ərazilərimizdə separatçı rejimin müdafiəsi də daxildir", - deyə sonda politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə FATEH

"Bu, regionda böyük güclərin oynamaq istədikləri oyunlarını pozur"