"Paşinyanın oxuma, yazma qabiliyyəti varmı?" - Yücel Karauz
Siyasət
“Bu, Ermənistan hakimiyyətinin növbəti teatr oyunudur”.
Bu sözləri News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən imtina etməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.

O bildirib ki, Rusiyanı bölgədən kənarlaşdırmaq istəyən Ermənistan hər fürsətdə prosesi bir addım da irəli aparır.
“Üçtərəfli bəyanatdan imtina etməklə bunu daha da kiritik bir vəziyyətə çatdırır. Mövcud situasiyada insanda istəmədən də olsa, sual yaranır ki, Paşinyanın oxuma, yazma qabiliyyəti varmı?! Oxuduğunu, yazdığını, nəyə imza atdığını anlamayan bir siyasi lider ola bilərmi? Bu, mümkün deyil. Ermənistan indi imtina etsə də yavaş-yavaş haqq və hüquq davasında öhdəliklərini icra edəcək. Razılaşma bütövdür, beynəlxalq hüquq çərçivəsində bərpaedici xarakter daşıyır”,- deyə general qeyd edib.
Y. Karauz hesab edir ki, Paşinyan siyasi basqılar səbəbi ilə yerli və beynəlxalq ictimaiyyətdə fərqli mövqedən çıxış edərək ölkəsinin, hakimiyyətinin hər keçən gün əleyhinə işləməyə davam edir.
“Paşinyanın açıqlamasından belə bir sual yaranır: Ermənistan Zəngəzur dəhlizinin açılmasını qəbul edir, lakin Rusiyanın nəzarət etməsini istəmir. Buradakı əsas məsələ dəhlizin açılmasıdır. Artıq sonrakı prosesdə koridora kimin nəzarət edəcəyi detallardır. Paşinyan qərbə qarşı "haqlarını" ödəmək və Rusiyanı bölgədən çıxarır abu-havası yaratmaq üçün belə bir addım atır. Nikol məsələni daha çoxölçülü, mürəkkəb, çoxmillətli şəkildə həll etməyə çalışır. Bölgəyə Avropa və BMT-nin sülh missiyasını cəlb etmək barədə düşünür. Bu, atəşkəs anlaşmasını sülh sazişinə çevirməmək üçün həyata keçirilən fəaliyyət növüdür. Azərbaycan sözünün arxasındadır. Lakin imzasına sahib çıxa bilməyənlər dövlətini və millətini addım-addım məhv etməyə davam edir”, - deyə o, fikrini yekunlaşdırıb.
Ayşən Rəhim