İşğaldan azad edilən ərazilərdə seçkilər keçiriləcək
Siyasət
"Biz halhazırda növbədənkənar prezident seçkiləri ilə əlaqədar idarə heyətinin tədbirlər planının işlənməsini yekunlaşdırmaq üzrəyik. İclasın dəqiq tarixi yaxın günlərdə bilinəcək".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə məskunlaşan əhali də seçici siyahısına daxil edilib və bu proses orada da baş tutacaq.
Tahir Budaqov əlavə edib ki, 2021-ci ildə keçirilən son qurultay zamanı partiyanın yeni nizamnaməsi təsdiq edilib və həmin nizamnaməyə uyğun olaraq namizədin irəli sürülməsi səlahiyyəti idarə heyətinin səlahiyyətinə verilib. O səbəbdən də idarə heyətinin iclasında bu məsələyə baxılacaq.
YAP sədrinin müavini partiyanın namizədinin kim olacağı fikrinə də aydınlıq gətirib:
"Uzun illərdir hər bir vətəndaş deyirdi ki, Qarabağ azad edilərsə, o bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyevin 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə, Qarabağı azad etməklə bu titulu, vəzifəni daşımağı qazanıb. Hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. YAP-ın bu barədə fikri qətidir".
Fərid Azəri