"Rus sülhməramlıları emənilərin təxribatından ehtiyat edir" - Politoloq
Siyasət
Qarabağın erməni sakinlərinin ərzaq tələbatını ödəmək məqsədilə şənbə günü saat 14.30-da Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük avtomobili ərzaq və qeyri-ərzaq malları ilə Samur keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olub. Humanitar yük bu gecə Ağdam-Əsgəran yolu ilə Xankəndinə çatdırılmalı idi.
Lakin Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşını hələ də Bərdədə, "Bərdə" hotelinin yaxınlığında dayanıb. Separatçı xuntanın qalıqları və rus sülhməramlı kontingenti onun Xankəndinə getməsinə imkan vermirlər.
Maraqlı məqam budur ki, Rusiya yüklərinin qarşısını alan qüvvələrdən biri məhz rus sülhməramlıları kontingentidir.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Abutalıb Səmədov bildirib ki, Rusiya həmişəki kimi, ikitərəfli oyun oynayır. O, bir tərəfdən yüklərin Ağdam yolu ilə daşınmalı olduğunu elan edir, digər tərəfdən isə sülhməramlılara yüklərin buraxılmaması ilə bağlı göstəriş verib.
“Bu, Rusiya siyasətində ilk belə məsələ deyil. O, dəfələrlə bu istiqamətdə addımlar atıb. Lakin burada bu siyasəti uzun müddət davam etdirmək mümkün deyil”.
Politoloqun sözlərinə görə, sülhməramlılar müstəqil və özfəaliyyətlə məşğul olmaq imkanı olmayan hərbçilərdir:
“Əgər Rusiya bunu göndəribsə, onlar qarşısını ala bilməz. Lakin bunu iki formada izah etmək olar. Rusiya sülhməramlıları etiraz edən emənilərin təxribat törətməsindən ehtiyat edirlər. Eyni zamanda yüklərin keçidi üçün əlverişli məqamın yetişmədiyini düşünürlər. Paradoks ondadır ki, həm Azərbaycanı "humanitar böhran" yaratmaqda ittiham edirlər, həm də yüklərin keçidinə manə yaradırlar. Rus sülhməramlılarının Rusiyanın göndərdiyi humanitar yardımın keçidinə manə olması izahı mümkün olmayan bir məsələdir”.
A.Səmədov qeyd edib ki, Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması, yolun açılması və bundan sonra 24 saat ərzində Laçın yolu ilə yüklərin daşınmasının müzakirəsi təklifini Rusiya verib.
“Və BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nümayəndəsi bu fikri bir daha səsləndirdi. Qarabağ ermənilərinin ayrı-ayrı təmsilçiləri açıq şəkildə Ağdam yolu ilə gedən yüklərin hansı ölkə tərəfindən göndərilməsindən asılı olmayaraq buraxılmayacağını bildirirlər”.
Ayşən Rəhim