"Tavuş vaxtilə ermənilərə pay verilib..." - Tarixçi alim mühüm FAKTLARI AÇDI

"Tavuş vaxtilə ermənilərə pay verilib..." - Tarixçi alim mühüm FAKTLARI AÇDI Siyasət

“Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziya kanalına müsahibəsində Azərbaycanın işğalda olan 8 kəndindən – Qazaxın 7 kəndi və Kərkidən danışıb. O, iddia edib ki, Azərbaycan da Tavuş rayonunun bəzi “erməni kəndləri”ni nəzarətə götürüb. Nikolun iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit və Paravakar kəndləri Azərbaycanın nəzarətindədir”. Paşinyanın adlarını çəkdiyi və hazırda Ermənistana məxsus Tavuş rayonunda saydığı kəndlərin heç biri Azərbaycanın nəzarətində deyil. Sadəcə Paşinyan bu açıqlaması ilə Ermənistanın necə təhlükəli oyun apardığını göstərir. 

Bu sözləri News24.az-a açıqlamasında tarixçi alim, dosent Zaur Əliyev bildirib.

O qeyd edib ki, danışıqlar masasında 7 kəndin qayıtması məsələsinə Paşinyan razılşasa da, bu günə qədər onlar geri qaytarılmayıb.

Tarixçi alim xatırladıb ki, 10 noyabr üçtərəfli bəyanatının ilkin variantında ikinci bənddə Qazaxdan bəhs edilib: “Erməni baş nazirin sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparmağa hazır olduğunu bəyan etməsi də “erməni kəndləri” adlandırdığı əraziləri ələ keçirmək məqsədi daşıyır. Görünür, Ermənistan Azərbaycanın 8 kənd tələbini icra etmək məcburiyyətində qalacağını anladığı üçün nəsə əldə etmək naminə bu xəritəni irəli sürür. Əgər sərhədlər 1975-ci il xəritəsinə uyğun həll edilərsə, Ermənistan təkcə iddia etdiyi kəndləri əldə etmir, eyni zamanda  qoşunların qarşılıqlı geri çəkilməsini aktuallaşdıra bilər. Çünki Bibiş, Lələkənd, Uzuntala, Tatlı kəndləri Azərbaycan Ordusunun sərhəd boyu nəzarət etdiyi xətdə yerləşir, bu kəndlərin ermənilərin nəzarətinə keçməsi üçün qoşunlarımız dayandığı xətdən geri çəkilməlidir. Və Paşinyan bununla hər iki halda qazanclı çıxmaq istəyir, ya anklavlar məsələsi arxa plana keçəcək, ya da “erməni kəndləri” dedikləri əraziləri nəzarətə götürməklə Azərbaycan ordusunun geri çəkilməsinə nail olacaq. Paşinyan elə düşünür ki, bu təkliflə Azərbaycanı aldada biləcək. 

Ermənistan isə səkkiz kəndi sərhədlərin delimitasiyası prosesi çərçivəsində və ərazi mübadiləsi əsasında qaytarmağı təklif edir. Halbuki, Ermənistan kapitulyasiya sənədinə imza atmış ölkə kimi işğal altındakı kəndləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Ona görə də heç bir ərazi mübadiləsindən söhbət gedə bilməz. Lakin siyasi coğrafiya baxımından elə Ermənistan ərazisində yerləşən Tavuş vaxtilə onlara pay verilən torpaqdır.

1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürmüşdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliy və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdir. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr vermədi. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.

Hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilirlər. Beləliklə Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum oldu”.

Z. Əliyev bildirib ki, bütün ərazi zəbtlərinə baxmayaraq Ermənistanın Azərbaycana qarşı iddiaları bitmədi, və o, birbaşa hərbi təcavüzə əl atdı. Hazırda Qarabağla yanaşı Qazax rayonunun 7 kəndi də erməni işğalı altındadır. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləridir.

Tarixçi alim işğalda olan sözügedən kəndlərimizlə bağlı tarixi faktları qeyd edib:

Bağanis Ayrım. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilib. Keçmiş adı "Seyid Ayrım"dır.

Xeyrimli. Kənd 8 mart 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Keçmiş adları Dil Xeyrimli və Dəli Xeyrimli

Barxudarlı. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Sofulu. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Qızıl Hacılı. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Yuxarı Əskipara. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 8 iyun 1992-cı ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Aşağı Əskipara. Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir”.

Z. Əliyev vurğulayıb ki, erməni tərəfənin adları çəkilən kəndlərin isə heç birinin adı danışıqlar masasında yoxdur. O, Paşinyanın adlarını çəkdiyi bu ərazilərin tarixinə diqqət çəkib:

Berbaker kəndi - əsl adı Bibiş: qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qaldı. Bibişin ərazisində yerləşən su anbarı Karvansaray rayonunu su ilə təhciz edir ki, bu da kəndin çox strateji əhəmiyyətli olduğunu göstərir. Kənddə indi də erməni əhalisi yaşayır və yaşayış məntəqəsi heç vaxt Azərbaycan ordusu tərəfindən işğal edilməyib. Əksinə, Bibiş kəndi istiqamətindən Qazax rayonunun sərhədyanı kəndləri və hərbi mövqelərimiz atəşə tutulur. Sadəcə, Paşinyan bu kəndin məsələsini gündəmə gətirməklə Bibişin Ermənistan ərazisi kimi Azərbaycan tərəfindən rəsmən tanınmasına nail olmaq istəyir. Paşinyan son prosesləri yaxşı bilir, anlayır ki, Qərbi azərbaycanlıların öz vətəninə qaytarılması məsələsi qaldırılsa, beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Bibişdə məskunlaşmış erməni sakinlər oradan çıxmalı, deportasiya edilmiş yerli əhali tarixi torpaqlarına dönməlidir. Ona görə də Ermənistan rəhbərliyi bu kəndin ermənilərə məxsus olduğuna dair güzəşt qoparmağa çalışır. 

Vazaşen – əsl adı Lələkənd olan bu kənd keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda yerləşir. Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Lələlik vəzifəsi türk tarixində əhəmiyyətli yerlərdən birini tutur, çünki lələlər hökmdarın hər zaman güvəndiyi insanlardan olublar. Lələlər qədim dövrlərdən başlayaraq mütləq olaraq gizli ordenlərin üzvləri idilər. Onların hazırlanması, elmi və hərbi bilik alması uzun illər vaxt alırdı. Lələlərin siyasi, iqtisadi, mədəni və diplomatik təlimi mütəxəssislər tərəfindən aparılırdı. Demək olar ki, "lələ" olmaq üçün az yaşlarından seçilən insanlar təlimlə, qədim gizli biliklərə yiyələnməklə yanaşı türk coğrafiyasına səyahətlər edir, onlara insanların psixologiyaları öyrədilir, onlar hər bir xalq, tayfa və aşirətin adət-ənələri ilə tanış olurdular. Lələlər üçün yaxın coğrafiyada yaşayan xalqların və millətlərin dillərində də bilmək vacib şərtlərdən biri idi. Türk dillərində lələ- "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur. Hazırda Paşinyan Lələkənd məsələsini qabartmaqla Qazax rayonunun ərazisinə düşən yüksəkliklərin Ermənistanda qalmasına nail olmağa çalışır. Hazırda Lələkənddə erməni əhali yaşayır. Ermənistan ordusu Birinci Qarabağ müharibəsi zamanı Lələkənddən hücuma keçərək hakim yüksəklikləri, Qazax rayonunun Sofulu və Barxudarlı kəndlərini işğal edib.

Ayqeovit - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd olaraq iki adla tarixi sənədlərdə çağrılır. Uzuntala və Hönüt. Toponim Azərbaycan dilində "böyük, geniş" mənasında işlənən uzun sözü ilə "meşə ortasında açıqlıq yer" mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Onut, 12. II.1969-cu il fərmanı ilə yenidən dəyişdirilib Aygehovit qoyulmuşdur. 1988-ci ildə azərbaycanlı əhali qovulduqdan sonra kənddə ermənilər məskunlaşıblar. Azərbaycan Ordusu heç vaxt Hönüt kəndini nəzarətə götürməyib və erməni əhali də oranı tərk etməyib. Azərbaycan Hönüt kəndinə ərazi iddiası da irəli sürməyib.

Parvakar - əsl adı Tatlıdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu ərazisində kənd. 1930 - cu ildə rayondakı Paravakar kəndi ilə birləşdirilərək ləğv edilmişdir. Toponim ulu yörük türk tayfasına mənsub olan tatlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Azərbaycan indiyə qədər ermənilərin “Parakavar” adlandırğı Tatlı kəndini işğal etməyib və heç vaxt ərazi iddiası irəli sürməyib”.

Akqabay Mıradov