Yaxın Şərq alov içində: ABŞ–İran qarşıdurması genişlənir
Siyasət
Yaxın Şərqdə gərginlik daha da artıb. Məlumatlara görə, ötən gecə ABŞ tərəfindən Tehrana hava zərbələri endirilib, ardınca İran Fars körfəzi istiqamətində yerləşən ABŞ hərbi qüvvələrinə raket və pilotsuz uçuş aparatları ilə cavab verib. Bildirilir ki, qarşıdurma əsasən Bəndər Abbas və Keşm adası yaxınlığında baş verib.
İran tərəfi ABŞ katerlərinin hücum cəhdinin qarşısının alındığını və buna “adekvat cavab” verildiyini açıqlayıb. Yerli mənbələrin iddiasına görə, hücumlardan sonra bəzi ABŞ hərbi gəmiləri Oman körfəzi istiqamətində geri çəkilib.
Regionda vəziyyətin sürətlə dəyişdiyi qeyd olunur. Ekspertlər qarşılıqlı hücumların daha genişmiqyaslı hərbi toqquşmaya çevrilə biləcəyi ehtimalını istisna etmirlər.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ İran ərazisində bir sıra strateji hədəflərə qarşı hava və dəniz əməliyyatları həyata keçirib:
“Tehran da daxil olmaqla bir neçə bölgəyə, həmçinin İranın ən böyük liman şəhərlərindən olan Qeşm və Bəndər Abbas istiqamətlərinə zərbələr endirilib. İran isə öz növbəsində Hörmüz boğazında yerləşən ABŞ dəniz qüvvələrinə raket hücumu həyata keçirib. ABŞ ilə İran arasında qarşıdurmanın yenidən aktivləşməsi tərəflərin danışıqlar masasında ortaq məxrəcə gələ bilməməsi və qarşılıqlı ambisiyalarının nəticəsidir. Son aylarda dolayı danışıqlar, vasitəçilər üzərindən göndərilən mesajlar və regional oyunçuların təşəbbüsləri nəticə vermədi. Kompromis üçün siyasi iradə formalaşmadı”.
Politoloqun sözlərinə görə, hər iki tərəf danışıqlardan taktiki vasitə kimi istifadə etsə də, strateji hədəflərindən geri çəkilməyib:
“İran Çin və Rusiya ilə münasibətlərini gücləndirərək özünü alternativ geosiyasi blokun fəal üzvü kimi təqdim etməyə çalışır. Bu isə ABŞ üçün ciddi risk hesab olunur. Xüsusilə Hörmüz boğazı ətrafında nəzarətin təhlükə altına düşməsi Vaşinqton üçün qəbuledilməz ssenaridir. Çünki dünya enerji daşımalarının mühüm hissəsi məhz bu marşrutdan keçir. Tehran isə geri çəkilmək niyyətində deyil. Hörmüz boğazındakı ABŞ dəniz qüvvələrinə raket hücumu İranın yalnız müdafiə olunan tərəf rolunu qəbul etmədiyini göstərir. Tehran hesab edir ki, cavabsız qalacağı təqdirdə bu, həm daxildə zəiflik görüntüsü yaradacaq, həm də regiondakı proksi qüvvələr üzərində təsir imkanlarını zəiflədəcək. Buna görə İran məhdud, lakin simvolik baxımdan ciddi cavab modeli seçib”.
Turan Rzayev qeyd edib ki, ən təhlükəli məqam tərəflər arasında etimadın və böhranı sürətlə sabitləşdirəcək siyasi mexanizmlərin olmamasıdır:
“Diplomatik kanalların zəifləməsi və qarşılıqlı ambisiyalar eskalasiyanı idarəolunmaz mərhələyə yaxınlaşdırır. ABŞ regionda tam hərbi üstünlük nümayiş etdirmək istəyir, İran isə geri çəkilməyin rejimin zəifləməsi kimi qiymətləndiriləcəyini düşünür. Hər iki tərəf geri addımı strateji məğlubiyyət hesab edir. Hazırda əsas risk qarşıdurmanın lokal hücumlardan çıxaraq genişmiqyaslı regional müharibəyə çevrilməsidir. İranın bölgədə çoxsaylı silahlı şəbəkələri var. ABŞ isə Körfəz ölkələri və İsraillə birlikdə regionda geniş hərbi infrastruktura malikdir. İstənilən yanlış hesablanma Hörmüz boğazının bağlanması, enerji bazarının ciddi şəkildə sarsılması və Yaxın Şərqdə yeni müharibə mərhələsinin başlanması ilə nəticələnə bilər”.