Zurabişvilinin təşəbbüsü ilə imzatoplama kampaniyasına - start verildi

Zurabişvilinin təşəbbüsü ilə imzatoplama kampaniyasına - start verildi Siyasət

Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə “Səsimiz Avropaya” adlı imzatoplama kampaniyasına start verilib.

News24.az xəbər verir ki, prezident mətni Orbeliyani sarayının yaxınlığında toplaşan insanlara təqdim edərək imzalayıb.

Onun sözlərinə görə, Avropa İttifaqına göndəriləcək məktuba hər bir vətəndaş imza ata bilər:

"Biz Gürcüstan vətəndaşları dekabrda alınacaq tarixi qərardan əvvəl sizə, Avropa liderlərinə müraciət edərək, xalqımızın müştərək səsini sizə çatdırmaq istəyirik.

Sizə müraciət edirik ki, Gürcüstanın və onun xalqının uzunmüddətli məqsədyönlü və sarsılmaz iradəsinə uyğun olaraq ölkəmizə namizəd statusu verilsin. Gürcüstan xalqının ifadə edilmiş iradəsi ən çətin çağırışlardan heç birinin - nə müharibə, nə də işğal qarşısında sarsıla bilməzdi. Biz keçmişimizlə, ortaq dəyərlərimizlə çoxdan birləşmişik, ona görə də gələcəyimiz sizinlədir, Avropadadır və bunun alternativi yoxdur.

Gürcüstan Konstitusiyasında yazılan şərtə görə, biz müxtəlif siyasi dünyagörüşündən asılı olmayaraq, birlik gücü ilə səylərimizi əsirgəməyəcəyik və məqsədimizdən dönməyəcəyik. Bu petisiyaya imza ataraq, sizdən namizəd statusu xahiş edirik", - deyə Zurabişvili vurğulayıb.

Məlumat üçün bildirək ki, Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasına tövsiyə ünvanlayıb. Qeyd edilən məsələ ilə bağlı yekun siyasi qərarı Avropa İttifaqının 27 üzv dövləti dekabr ayında tam razılıq əsasında qəbul etməlidir.

Aynurə