"Bu hadisə Azərbaycan gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib" - DGK
    • 9-04-2019, 12:15
    • 1 214

"Bu hadisə Azərbaycan gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib" - DGK

Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az-a verilən məlumata görə, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur.