20 mindən artıq şəxs amnistiyadan faydalana bilər - Əliməmməd Nuriyev
Sosial
Azərbaycanın müstəqilliyi və suverenliyinin tam bərpası fonunda ölkədə humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan mühüm hüquqi-siyasi addım atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim olunan amnistiya aktı dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətin həmrəyliyinin gücləndirilməsi və cəzalandırmadan daha çox islah və reinteqrasiyanı təşviq edən yanaşmanın bariz nümunəsi kimi qiymətləndirilir.
Layihə Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxsləri, habelə sosial baxımdan həssas kateqoriyaları əhatə etməklə yanaşı, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılmasını nəzərdə tutur.
Məsələ ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev News24.az-a açıqlamasında Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsünü yüksək qiymətləndirərək bunun açıq şəkildə humanizmə əsaslanan addım olduğunu bildirib:
"Cəmiyyətdə amnistiya və əfv anlayışları tez-tez qarışdırılır və bu baxımdan hüquqi fərqin düzgün izah olunması vacibdir. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ-hüquqi aktdır və geniş sosial qruplara şamil olunmaqla kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi aktı olub, konkret şəxslərə münasibətdə tətbiq edilir. Hazırda gündəmdə olan məsələ məhz amnistiya aktıdır".
Fond rəhbəri vurğulayıb ki, amnistiya oldquca böyük kütləni əhatə edəcək:
"Amnistiya aktı qəbul edilərsə, dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsinin iştirakçıları, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarında iştirak edənlər, həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, eləcə də hərbi təxribatlar nəticəsində əlil olmuş şəxslər cəzadan azad edilə bilərlər. Bununla yanaşı, qadınlar, 60 yaşına çatmış və daha yuxarı yaşlı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər sosial baxımdan həssas və humanitar kateqoriyalara aid şəxslərin də amnistiyadan yararlanacağı gözlənilir".

Əliməmməd Nuriyev əlavə edib ki, amnistiya aktları adətən, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilmir.
"Terrorçuluq, qəsdən adam öldürmə, dövlətə xəyanət, eləcə də təkrar ağır cinayətlər törədən şəxslər amnistiyanın istisna dairəsinə daxil olur. Bu da amnistiya institutunun ədalət və təhlükəsizlik balansını qorumağa xidmət etdiyini göstərir. Gözlənilən amnistiyanın miqyası olduqca genişdir. Əvvəlki amnistiya aktı 17 min 200 nəfəri əhatə etdiyi halda, bu dəfə 20 mindən artıq şəxsin amnistiyadan faydalana biləcəyi istisna edilmir. Nəticədə minlərlə məhkumun cəzası azaldılacaq, bir qisminin cəzası isə tamamilə ləğv ediləcək".