“28 May”dan “Dərnəgül”ə qatarların hərəkəti nə vaxt dayandırılacaq?
Sosial
Ötən ilin sonlarında “Bakı metropoliteni”ndən "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" stansiyasının qismən bağlanacağı və "Dərnəgül" istiqamətində qatarların hərəkətinin dayandırılacağı bildirildi. Qeyd olunurdu ki, qatarlar yalnız “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcək. Açıqlamada bu məhdudiyyətin "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində tətbiq olunacağı da vurğulanırdı.
Artıq yeni ilin ikinci ayıdır, lakin bu istiqamətdə işlərə hələ də başlanılmayıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
Hazırda işlərin hansı mərhələdə olduğu ilə bağlı News24.az-a açıqlama verən qurum rəsmisi bildirdi ki, bunun üçün əvvəlcə metro deposunun tikintisinin birinci mərhələsi başa çatdırılmalıdır:
"Müvafiq Dövlət Proqramına uyğun olaraq, avtomobil və piyada tunellərinin, xüsusilə depo ərazisinə düşən hissəsinin inşası tamamlandıqdan sonra növbəti mərhələyə başlanılacaq. Bütün dəyişikliklər və işlərin gedişi barədə ictimaiyyətə əvvəlcədən ətraflı məlumat veriləcək”.
Bundan əlavə, bu ilin sonuna qədər bir stansiyanın istifadəyə veriləcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirən Bəxtiyar Məmmədov qeyd etdi ki, bu, B-04 stansiyasıdır:
"Tikinti və infrastrukturun quruculması işləri davam etdirilir. Hər şey qaydasındadır”.
Gülçin Abdullayeva