"Deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir" :Prezident İlham Əliyev
    • 24-12-2019, 01:33
    • 695

"Deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir" :Prezident İlham Əliyev

"Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq".
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində söyləyib:
Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir.
Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər.