AZAL sosial şəbəkədə yayılan iddialara CAVAB VERDİ

AZAL sosial şəbəkədə yayılan iddialara CAVAB VERDİ Sosial

Bir müddət əvvəl sosial şəbəkə platformalarında Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı yayılan iddialar geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər bildiriblər ki, AZAL-ın rəsmi saytından və ya satış platformalarından bilet aldıqları halda uçuş zamanı şirkətə məxsus təyyarə ilə deyil, başqa aviaşirkətə aid hava gəmisi ilə səfər ediblər.

Paylaşımlarda qeyd olunub ki, bu hal sərnişinlər üçün gözlənilməz olub və əvvəlcədən bununla bağlı aydın məlumat verilmədiyi iddia edilib. Məsələ müxtəlif müzakirələrə və suallara yol açıb. İstifadəçilər belə halların hansı səbəbdən baş verdiyini və bunun beynəlxalq aviasiya praktikasında necə tənzimləndiyini aydınlaşdırmağa çalışıblar.

Bununla bağlı News24.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, müasir aviasiyada aviaşirkətlər arasında əməkdaşlıq kodşerinq (“codeshare”), yaş lizinq (“wet lease”) və digər müxtəlif formalarda həyata keçirilir:

"Belə əməkdaşlıq əsasında sərnişinlər uçuş biletlərini bir aviaşirkətdən əldə edir, uçuş isə tərəfdaş aviaşirkət tərəfindən həyata keçirilir. Bu, beynəlxalq praktikada geniş yayılmış və aviasiya sahəsində qəbul olunmuş bir yanaşmadır. Uçuş coğrafiyasının genişləndirilməsi strategiyasına sadiq qalaraq, əməliyyat ehtiyacları və ilin müəyyən dövrlərində artan tələbat səbəbindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Airbus A320” tipli təyyarələrin qısamüddətli icarəsinə dair “Heston Airlines” ilə yaş lizinq müqaviləsi imzalayıb. Hazırda bəzi istiqamətlər üzrə müəyyən reyslər icarəyə götürülmüş təyyarələrlə yerinə yetirilir".

Qeyd olunub ki, bu, zəruri bir anlaşma olmasa da, sərnişinləri daha çox istiqamətlər və əlavə reyslərlə təmin etməklə onların gözləntilərini qarşılamaq AZAL üçün əsas prioritet olduğundan, sözügedən əməkdaşlığa başlanılıb:

"Yeni təyyarələr istifadəyə verilənədək bəzi istiqamətlərdə uçuşlar tərəfdaş aviaşirkətin təyyarələri ilə həyata keçiriləcək. Qeyd edək ki, 2026-cı ilin sonuna kimi AZAL-ın donanmasına 8 yeni təyyarənin əlavə edilməsi planlaşdırılır. Yeni təyyarələr donanmaya əlavə olunduqca icarəyə götürülmüş hava gəmiləri istifadədən çıxarılacaq. Yaş lizinq müqaviləsi beynəlxalq praktikada müxtəlif aviaşirkətlər tərəfindən geniş şəkildə tətbiq olunur.

Bu saziş çərçivəsində icarəyə verən tərəf hava gəmisini uçuş heyəti, texniki xidmət və digər əməliyyat təminatı ilə birlikdə təqdim edir. Yaş lizinq mexanizmi aviaşirkətlər tərəfindən əsasən yüksək mövsümi tələbatın qarşılanması, donanma tutumunun operativ artırılması və texniki baxım dövrlərində uçuş proqramının fasiləsiz icrası məqsədilə tətbiq olunur. Bu zaman uçuşlar adətən icarəyə götürən aviaşirkətin reysi kimi satışa çıxarılır, lakin əməliyyat icrası və texniki məsuliyyət icarəyə verən aviaşirkət tərəfindən təmin edilir".

"Bununla yanaşı, sərnişinlərin rahatlığı üçün icarəyə götürülmüş hər bir reysdə dövlət dilində sərbəst danışan ən azı bir AZAL bələdçisi olur. Bütün rəsmi elanlar isə Azərbaycan və ingilis dillərində səsləndirilir. Eyni zamanda, təhlükəsizlik, xidmət keyfiyyəti və əməliyyat etibarlılığı üzrə tələblər tam şəkildə qorunur və beynəlxalq normalara uyğun təmin edilir. Bu prinsiplər AZAL-ın fəaliyyətində dəyişməz prioritet təşkil edir", - deyə məlumatda qeyd olunub.