Azərbaycanda ilk: 22 yaşlı gənci həkim və robot birlikdə əməliyyat etdi

Azərbaycanda ilk: 22 yaşlı gənci həkim və robot birlikdə əməliyyat etdi Sosial

"22 yaşlı gənc üzərində robotik əməliyyatı icra etdik. Əməliyyat təxmini 1 saat ərzində həyata keçirildi. Hazırda xəstənin vəziyyəti kafidir və özünü yaxşı hiss edir".

News24.az xəbər verir ki, bu sözləri Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair media nümayəndələri üçün keçirilən brifinq zamanı Yeni Klinikanın direktor müavini Eldar Əhmədov deyib.

Eldar Əhmədovun sözlərinə görə, robotik cərrahiyyə sistemi məsafədən idarə olunduğu üçün dünyanın istənilən ölkəsində quraşdırılsa belə, əməliyyat həkimin başqa yerdən müdaxiləsi ilə həyata keçirilə bilər:

"Bununla belə, robot əməliyyat zamanı yalnız köməkçi funksiyanı yerinə yetirir və bütün qərarlar həkim tərəfindən verilir. Bu texnologiya həm xəstənin təhlükəsizliyini artırır, həm də həkimin daha dəqiq və rahat işləməsinə imkan yaradır. O həmçinin bildirib ki, robotik sistemləri təqdim edən şirkətlər həkimlərin mütləq şəkildə ixtisaslaşmasını tələb edir. Hazırda isə Yeni Klinikadan 4 həkim Türkiyədə robotik cərrahiyyə üzrə ixtisaslaşır".