Bakı-Sumqayıt qatarı niyə bu saatlarda işləmir? – Rəsmi

Bakı-Sumqayıt qatarı niyə bu saatlarda işləmir? – Rəsmi Sosial

Bakı–Sumqayıt istiqamətində hərəkət edən qatarların qrafiki ilə bağlı sərnişinlər arasında narazılıqlar səslənir. Bildirilir ki, həftəiçi günorta saatlarında qatarlar fəaliyyət göstərmir, həftəsonları isə hərəkət intervalları xeyli uzundur. Hərəkət cədvəlinə nəzər saldıqda, xüsusilə həftəsonları saat 11:00-dan 17:00-dək müəyyən boşluqların olduğu da görünür. Bəs günorta saatlarında qatarların hərəkət intervalının bu qədər uzanması hansı amillərlə bağlıdır? Xüsusilə həftəsonları bu intervalların qısaldılması gələcəkdə nəzərdə tutulurmu?

News24.az-ın xəbərinə görə, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, bu fasilələr mütləq olmalıdır:

“Bu fasilə texniki olaraq “pəncərə” adlanır. Texniki pəncərə ona görə olmalıdır ki, dəmiryolu infrastrukturu davamlı şəkildə yoxlanılsın. Buraya rabitə və işarəvermə qurğuları, relslər və onların müxtəlif komponentləri daxildir. Eyni zamanda, elektrik təchizatı da yoxlanılır. Bildiyiniz kimi, Abşeron dairəvi dəmir yolunda qatarlar elektrik enerjisi ilə işləyir”.

Qurum rəsmisi iş günləri günorta saatlarında və həftəsonları qatarların sayının az olmasını sərnişin tələbatının aşağı olması ilə əsaslandırıb:

“İş günləri günorta saatlarında sərnişin tələbatı azalır, buna görə də texniki pəncərə məhz bu vaxtlara salınır. Aparılan təhlillər göstərir ki, həftəsonları qatarlara tələbat nisbətən aşağı olur. Həm də davamlı olaraq qatarlara texniki baxış keçirilir. Yəni söhbət təkcə dəmiryolu infrastrukturundan deyil, həm də qatarların texniki vəziyyətindən gedir”.

B.Hacıyev qeyd edib ki, bu praktika uzun illərdir mövcuddur:

“Bu tədbirlər infrastrukturun və qatarların saz vəziyyətdə saxlanması, nəticə etibarilə sərnişinlərin mənzil başına vaxtında, rahat və təhlükəsiz çatdırılması məqsədilə görülür”. (Metbuat.az)