Bakıda Ramazan: İftar menyularında qiymət fərqləri və mənəvi çağırış
Sosial
Dünəndən etibarən Azərbaycanda Ramazan ayı başlayıb. Bu il Ramazanın ilk günü fevralın 19-na təsadüf edib. Müqəddəs ayın başlanması ilə paytaxt restoranları iftar menyularının qiymətlərini açıqlayıb. Bakının populyar məkanlarında bir nəfərlik iftar menyusunun qiyməti 20–125 manat arasında dəyişir.
Ən yüksək qiymət "Four Seasons Hotel Baku"da yerləşən “Zafferano” restoranındadır – 125 manat (minimum iki nəfər). "Fairmont Baku Flame Towers"də “Le Bistro” 88 manat, "The Ritz-Carlton Baku"nun “Tribeca” və “Ağabala” restoranları isə iftar süfrəsini 85 manaat təklif edir. "JW Marriott Absheron Baku"da iftar süfrəsi “Fireworks Urban Kitchen” 80 manat, “Zest Lifestyle Cafe” isə açıq bufet formatında 50 manatdır. "Hilton Baku"da “Sky Grill” və “Gizli Bahçe” restoranında iftar 70 manatdır. “Günaydın” restoranında isə bir nəfərlik iftar menyusu 90 manatdır.
Bundan əlavə, “Fisincan restoran”da bir nəfərlik iftar menyusunun qiyməti 25–35 manat arasında dəyişir. Bakıda yerləşən “Faxralı” və “Kassamassa” restoranlarında isə bir nəfərlik iftar menyusu 25 manat təşkil edir.
Doğrudur, bəzi yerlərdə qiymətlər nisbətən aşağı olsa da, əksər restoranlar Ramazan ayını biznes fürsəti kimi qiymətləndirir. Maraqlısı isə odur ki, normalda 10–15 manat aralığında dəyişən menyu qiymətləri Ramazan ayı zamanı dramatik şəkildə qalxır.
Məsələ ilə bağlı News24.az-a danışan ilahiyyatçı Hacə Təyyar Hüseynli bildirib ki, iftar süfrələrinin kommersiya predmetinə çevrilməsi düzgün yanaşma deyil və restoranlar bu dövrdə qiymətlərə daha həssas yanaşmalıdırlar:
“Ramazan ayı mənəvi saflaşma və paylaşma ayıdır. Bu baxımdan ictimai iaşə obyektləri də gəlirlərindən müəyyən güzəşt etməli, iftar menyularını daha əlçatan qiymətlərlə təqdim etməlidirlər. Ramazan ayından kənar dövrlərlə müqayisədə qiymətlərin artırılması doğru deyil. Əksinə, insanlar bu ayda daha çox savab qazanmağa çalışmalıdır. Restoranlar da müəyyən mənada qazancdan güzəşt etməli, daha münasib və əlçatan menyular təqdim etməlidirlər".

Hüseynli vurğulayıb ki, iftar süfrəsi ilk növbədə sadə və ölçülü olmalıdır:
“İftar süfrəsində həddindən artıq qidalanmaq tövsiyə edilmir. Qastroenteroloqlar və dietoloqlar bildirirlər ki, orucdan sonra mərhələli və yüngül qidalanmaq daha sağlamdır. Əvvəlcə az miqdarda və sulu yemək, sonra isə tələsmədən davam etmək daha məqsədəuyğundur. Çox zəngin və bahalı süfrələr arxasında həddindən artıq qidalanmaq iftarın ruhuna uyğun deyil. İftar ilahi süfrədir".
O, əlavə edib ki, bəzi restoranlar iftarı mövsümi biznes kimi dəyərləndirir və bu da qiymətlərin artmasına səbəb olur:
“Əgər iftar menyuları həddindən artıq baha olarsa, hər kəs üçün əlçatan olmur. Ramazan ayında məqsəd daha çox qazanc deyil, daha çox savab olmalıdır. İnsanlar bu ayda daha az pul xərcləyib, daha çox xeyir iş görməyə çalışmalıdırlar. İmkan daxilində pulsuz və ya simvolik qiymətlərlə iftar süfrələrinin təşkili daha məqsədəuyğundur. Tarixən də görmüşük ki, Ramazan ayında insanlar daha səxavətli olur, süfrələr açır, ehsan verir, ehtiyacı olanlara yardım çatdırırlar".
Hüseynli bildirib ki, yüksək məbləğ ödəyərək məhdud sayda şəxslə bahalı məkanda iftar açmaqdansa, həmin vəsaiti daha çox insanın süfrəsinə ərzaq kimi çatdırmaq daha faydalıdır:
“Az təminatlı ailələr, tələbələr, zəhmətkeş insanlar üçün əlçatan iftar imkanları yaradılmalıdır. İftar süfrəsi mənəvi dəyərdir və insanlar bu süfrədən həm ruhi, həm də sosial baxımdan faydalanmalıdırlar. İftar süfrəsi qeyri-adi, 11 ayın sultanı olan Ramazan ayına məxsus xüsusi süfrədir. Bu baxımdan, bahalı menyular əvəzinə daha sadə və münasib seçimlər təqdim etmək, hətta imkansızlar üçün iftar təşkil etmək daha böyük mənəvi dəyər daşıyır".