Bakının bu ərazilərində evlərin qiyməti bahalaşacaq
Sosial
Bakıda daşınmaz əmlak bazarında qiymətlərin bu il də artacağı gözlənilir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin proqnozlarına görə, 2026-cı ildə paytaxtda təməldən tikilmiş binaların orta qiyməti 17%, torpaq sahələrinin dəyəri isə 15% yüksələcək. Qiymət artımının xüsusilə mərkəzi və infrastrukturu inkişaf etmiş ərazilərdə daha yüksək olacağı ehtimal edilir. Proqnozlara əsasən, artım tendensiyası 2027-ci ildə də sürətlənə bilər.
Bundan əlavə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunmuş dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov paytaxtın mərkəzindən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi məsələsinə toxunub. O, bu layihənin növbəti mərhələlərdə nəzərdən keçiriləcəyini qeyd edib.
Bütün bu amillər Bakıda evlərin və torpaq sahələrinin bahalaşmasına necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, torpaq və daşınmaz əmlak bazarında qiymət artımı əsasən coğrafi fərqliliklərdən asılıdır:
“Bakı şəhəri kifayət qədər geniş ərazini əhatə edir və qiymət dinamikası hər rayonda, hətta eyni rayon daxilində fərqli ola bilər. Abşeron yarımadasında da vəziyyət oxşardır və qiymət artımları vahid templə baş vermir. Torpaqların 15% bahalaşması ilə bağlı proqnozlar reallığı tam əks etdirməyə bilər. Belə ki, bəzi ərazilərdə, xüsusilə son bir il ərzində tikintinin intensivləşdiyi və marağın artdığı zonalarda qiymət artımı artıq bu səviyyəni ötüb. Ayrı-ayrı ərazilərdə torpaq sahələrinin qiymətində nəzərəçarpacaq yüksəliş müşahidə olunur və ümumi orta artım 15–20% diapazonunda qiymətləndirilir”.
Ekspert əlavə edib ki, metro xətlərinin genişləndirilməsi və yeni stansiyaların açılması ilə bağlı planlar bazarda gözləntiləri formalaşdıran əsas amillərdəndir:
“Lakin hazırda bu məsələlər daha çox konsept və layihə mərhələsindədir. Təcrübə göstərir ki, Azərbaycanda metro stansiyalarının tikintisi və istifadəyə verilməsi uzun zaman tələb edir. Stansiyaların dəqiq yerləşəcəyi nöqtələr hələ müəyyən edilmədiyindən, bu amil əsasında qiymət artımı barədə indidən konkret danışmaq çətindir. Metro stansiyalarının açılışı bazarda adətən 2–3 il əvvəl nəzərə alınaraq qiymətə təsir edir. Ümumilikdə bazarda artım tendensiyasının davam edəcəyi gözlənilir. Şəhərin mərkəzinə yaxın, infrastrukturu formalaşmış və nəqliyyat imkanları geniş olan ərazilərdə qiymət artımı daha sürətli, kənar zonalarda isə daha ölçülü şəkildə baş verə bilər”.