Bank kartınızda dərhal bu funksiyanı aktiv edin: Diqqət!

Bank kartınızda dərhal bu funksiyanı aktiv edin: Diqqət! Sosial

Elektron ödəniş sistemlərində texniki nasazlıq

Bir neçə gün əvvəl ölkədə fəaliyyət göstərən bir sıra elektron ödəniş sistemlərində texniki problemlər yaranıb. Nəticədə istifadəçilər ödəniş və pul köçürmələri zamanı çətinliklərlə üzləşiblər. Məlumata görə, nasazlıq “M10” daxil olmaqla digər elektron ödəniş platformalarını da əhatə edib. Bu hal onlayn maliyyə xidmətlərindən istifadə zamanı təhlükəsizlik və etibarlılıq məsələlərini vətəndaşlar arasında yenidən gündəmə gətirib.

Kartlardan icazəsiz pul çıxarıla bilərmi?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən İT mütəxəssisi Elvin Həsənov bildirib ki, onlayn ödəniş tətbiqlərində təhlükəsizlik yalnız bankların məsuliyyəti deyil, istifadəçilərin davranışı da önəmlidir:

“Bu tətbiqlər artıq insanların cibindəki rəqəmsal pul kisəsi funksiyasını daşıyır və onlara münasibət real pul kimi olmalıdır. Ən vacib məqam telefonun təhlükəsizliyidir. Telefon ekran kilidi zəifdirsə və ya ümumiyyətlə yoxdursa, bank tətbiqinin güclü qorunması da effektiv olmur. Buna görə telefon mütləq PIN, Face ID və ya barmaq izi ilə qorunmalı, bank tətbiqində isə ayrıca giriş təsdiqi aktiv edilməlidir. Yəni telefon açıq olsa belə, tətbiq ikinci dəfə təsdiq tələb etməlidir".

İT mütəxəssisi Elvin Həsənov

Güclü şifrələr və iki mərhələli təsdiq vacibdir

O, əlavə edib ki, şifrələr hər tətbiq üçün fərqli və güclü olmalı, iki mərhələli təsdiq mexanizmi mütləq aktiv edilməlidir:

“SMS və ya push bildirişlə göndərilən kodlar heç bir halda paylaşılmamalıdır. Bank əməkdaşları belə kodları istifadəçidən tələb etmir, buna görə də bu, ən çox pozulan təhlükəsizlik qaydalarından biridir. Digər ciddi risk mənbəyi saxta linklər və tətbiqlərdir. Ödəniş tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yüklənməlidir. "Hesabınız bloklanıb", "təhlükəsizlik yoxlaması aparılır" kimi mesajlarla göndərilən linklərə daxil olmaq çox vaxt kart məlumatlarının oğurlanması ilə nəticələnir. Tətbiq qəfil əlavə məlumat tələb edirsə, dərhal dayanıb vəziyyəti yoxlamaq lazımdır".

Saxta linklər və tətbiqlər əsas risk mənbəyidir

Mütəxəssis vurğulayıb ki, bütün ödənişlər üzrə push və ya SMS bildirişləri aktiv saxlanmalıdır, çünki bu, icazəsiz əməliyyatları dərhal aşkar etməyə imkan verir. Eyni zamanda, kart və köçürmə limitlərinin aşağı səviyyədə saxlanması mümkün itkiləri minimuma endirir.

“M10”dan rəsmi açıqlama: Hesablar müvəqqəti dondurulub

“M10” platformasında yaranmış problem barədə redaksiyamıza bildirilib ki, fevralın 3-də xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğdə vəsait daxil olub. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti dondurulub.

Araşdırma başa çatıb, əməliyyatlar bərpa edilib

“Hazırda məsələ "M10" komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılıb. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun tədbirlər görüləcək. Qeyd olunan səbəblə ‘M10’ tətbiqində müvəqqəti fasilə yaranmışdı, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub. Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik", - deyə məlumatda bildirilib.