Benzinin aksizi 1 manata endirildi – Qiymətlər dəyişəcəkmi? - AÇIQLAMA
Sosial
Nazirlər Kabinetinin (NK) 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib. Həmin dövrdə ölkədə idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 200 manatdan 1 manata endirilib.
Maraqlıdır, bu qərar yanacaq qiymətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qəbul edilən qərarın yanacaq qiymətlərinə real təsiri olmayacaq:
“Bu qərar hər il uzadılan bir mexanizmdir və mahiyyət etibarilə yeni deyil. Aİ-92 markalı benzinin qiyməti bazar tərəfindən deyil, dövlət tərəfindən, Tarif Şurası vasitəsilə tənzimlənir. Son qiymət artımı da dekabr ayında həyata keçirilib. Azərbaycanda yanacağa tələbat tam şəkildə yerli istehsal hesabına ödənilmir. Neft emalı zavoduna böyük vəsait qoyulsa da, ölkə hələ də müəyyən həcmdə benzini idxal edir".
İqtisadçı qeyd edib ki, bu idxal zamanı aksiz və gömrük rüsumlarının azaldılması SOCAR-ın zərərə düşməməsi üçün tətbiq olunur:
"Yəni dövlət faktiki olaraq idxal olunan yanacağın maya dəyərini aşağı salır ki, daxili bazarda qiymətlər sabit qalsın. Bu səbəbdən aksiz vergisinin 200 manatdan 1 manata endirilməsi birbaşa qiymət azalmasına gətirib çıxarmır. Bu mexanizm illərdir tətbiq olunur və əsas məqsəd yanacaq qiymətlərinin kəskin dəyişməsinin qarşısını almaqdır".