Bez və qida: Valideynləri sıxan bahalı reallıq

Bez və qida: Valideynləri sıxan bahalı reallıq Sosial

Uşaq bezləri və hazır uşaq qidaları körpəli ailələr üçün gündəlik və zəruri tələbat məhsulları sayılır. Lakin bu məhsulların qiymətlərinin yüksək olması bir çox valideyn üçün ciddi maliyyə yükünə çevrilir. Xüsusilə orta və aşağı gəlirli ailələr hər ay büdcələrinin əhəmiyyətli hissəsini məhz bu istiqamətə yönəltmək məcburiyyətində qalır ki, bu da ailə maliyyəsinin planlaşdırılmasını daha da çətinləşdirir.

Bu şəraitdə uşaq bezləri və qidalarının niyə bu qədər baha olması, eləcə də qiymətlərin formalaşmasına hansı amillərin təsir göstərməsi məsələsi valideynləri düşündürən əsas suallardan biri kimi gündəmdə qalır.

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli qiymət artımının səbəblərini və bazarda qiymətlərin formalaşma mexanizmini izah edib.

İqtisadçı bildirib ki, bu məhsulların böyük hissəsi idxal olunur:

"Lakin bu, yerli istehsalın avtomatik olaraq qiymətləri ucuzlaşdıracağı anlamına gəlmir. Əgər yerli sənaye bu məhsulları daha aşağı maya dəyəri ilə istehsal edə bilsəydi, bazarda bu istiqamətdə təşəbbüslər daha geniş yayılardı. Mövcud iqtisadi şəraitdə isə yerli istehsalın daha baha başa gəlməsi ehtimalı da istisna edilmir".

İqtisadçı bildirib ki, qiymətlərin formalaşmasına bir sıra amillər təsir göstərir:

"Sahibkar məhsulu satışa çıxararkən yalnız qazanc marjasını deyil, həm də vergi öhdəliklərini, icarə xərclərini, daşınma və logistika xərclərini, saxlanma, kredit ödənişləri, əməkhaqqı və digər əməliyyat xərclərini nəzərə alır. Məhsul xaricdən yüksək qiymətə alınarsa və ya sadalanan xərclər artarsa, yekun satış qiymətinin də əhəmiyyətli dərəcədə yüksəlməsi qaçılmaz olur.

Digər mühüm amillərdən biri brend faktorudur. Hazırda bazarda əsasən Amerika və Avropa brendləri üstünlük təşkil edir. Bu ölkələrdə əməkhaqqı səviyyəsi və vergi yükü yüksək olduğundan istehsalın maya dəyəri də bahalaşır. Bundan əlavə, idxal məhsullarına tətbiq olunan təxminən 33–34 faizlik vergi yükü də qiymətlərə əlavə təsir göstərir. Avropada istehsal olunmuş məhsulların idxalı zamanı onların baha olması demək olar ki, qaçılmazdır. Bununla belə, MDB ölkələrində — Rusiya və Belarusda istehsal olunan bəzi uşaq qidalarının nisbətən daha ucuz olduğu müşahidə edilir".

Ekspert qeyd edib ki, bu məsələnin universal və sürətli həll yolu yoxdur:

"Maddi imkanı məhdud olan ailələr uşaq qidalarını ev şəraitində təbii üsullarla hazırlaya, bezlər üçün isə alternativ variantlara üstünlük verə bilərlər. Hazır məhsullar bir çox ailə üçün rahatlıq və vaxt qənaəti təmin etsə də, əlavə maliyyə yükü yaratdığı reallığı dəyişmir".

Gülçin Abdullayeva