Biri deyir arxa qapıdan minmək olar, biri deyir olmaz! – Pik saatlarda sərnişin nə etməlidir? - Araşdırma

Biri deyir arxa qapıdan minmək olar, biri deyir olmaz! – Pik saatlarda sərnişin nə etməlidir? - Araşdırma Sosial

Şəhər daxilində hər gün müşahidə olunan yol tıxacları artıq sistemli problemə çevrilib. Bu vəziyyət ictimai nəqliyyatın, xüsusilə avtobusların hərəkət qrafikinə ciddi təsir göstərir. Nəticədə avtobuslar dayanacaqlara vaxtında çatmır, sərnişin axını isə normadan artıq olur. Pik saatlarda avtobus salonlarında yaranan həddindən artıq sıxlıq isə sərnişinlərin həm rahat, həm də təhlükəsiz daşınmasını çətinləşdirir.

Problemin əsas səbəbi avtobuslarda sıxlığın ön hissədə cəmləşməsidir. Bu, sərnişinlərin ödəniş etdikdən sonra salonun arxa hissəsinə keçməsini çətinləşdirir və hərəkət təhlükəsizliyinə mənfi təsir göstərir. Eyni zamanda arxa hissədə nisbi boşluq qalmasına baxmayaraq, sərnişinlərin həmin sahəyə yönləndirilməsi təmin olunmur.

Maraqlıdır ki, bəzi hallarda sürücülər sərnişinlərin ödəniş etdikdən sonra avtobusa arxa qapıdan minmələrinə şərait yaratsa da, digər sürücülər buna icazə olmadığını əsas gətirərək etiraz edirlər. Nəticədə pik saatlarda avtobuslarda sıxlıq müşahidə edildikdə arxa qapıların açılması və sərnişinlər üçün hər hansı güzəşt və ya alternativ mexanizmin tətbiqinin mümkünlüyü müzakirə mövzusuna çevrilir.

Bəs, görəsən, pik saatlarda sərnişinlərin avtobusa arxa qapıdan minmələrinə icazə varmı və bu məsələ hansı qaydalarla tənzimlənir? Bu suala cavab tapmaq məqsədilə mövzunu müxtəlif tərəflərin açıqlamaları əsasında araşdırdıq.

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, hazırda avtobusların hərəkət sistemi şəhərin tələblərinə tam cavab vermir:

"Xüsusilə paytaxta gətirilmiş yeni avtobuslar az əhalisi olan şəhərlər üçün nəzərdə tutulub və ümumilikdə 65 sərnişin tutumuna malikdir. Lakin Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün bu, kifayət etmir. Bizim əhaliyə orta tutumlu deyil, daha çox sərnişin daşıya bilən avtobuslar lazımdır. Əks halda arxa qapıların və digər mexanizmlərin istifadəsi daim gündəmdə qalacaq və bu, xidmətin təhlükəsizliyi və rahatlığına mənfi təsir göstərəcək".

Mövzu ilə bağlı sorğu ünvanlanan Bakıda fəaliyyət göstərən “BakuBus”“Xaliq Faiqoğlu” MMC-ləri isə ictimai nəqliyyat qaydalarını xatırladıb:

"BakuBus"MMC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.29.3-cü bəndinə əsasən, “BakuBus” MMC-nin istismarında olan üç qapılı avtobuslarda sərnişinlərin minməsi birinci (ön) qapıdan, düşməsi isə orta və arxa qapılardan həyata keçirilir:

"Bu tənzimləmə avtobuslarda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkil olunmasına xidmət edir. Bununla belə, bəzi hallarda, xüsusilə pik saatlarda sərnişin sıxlığının artması səbəbindən ön qapıda növbələrin yaranması müşahidə oluna bilər. Belə vəziyyətlərdə sərnişinlərin müraciəti əsasında bəzi sürücülər sərnişin axınının tənzimlənməsi məqsədilə operativ qərar verərək müvəqqəti güzəştə gedə bilirlər. Qeyd etmək istərdik ki, bu cür hallar istisna xarakteri daşıyır və müəyyən edilmiş qaydaya uyğun hesab edilmir. Belə vəziyyətlər baş verdikdə, məsələ “BakuBus” MMC-nin Onlayn Monitorinq Mərkəzi tərəfindən dərhal araşdırılır. Araşdırma zamanı müəyyən edilərsə ki, sürücü bu qərarı əsaslı səbəb olmadan qəbul edib, ona qarşı xəbərdarlıq və ya töhmət kimi inzibati tədbirlər tətbiq edilir".

"Sərnişinlərə müraciət edərək, qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməyə, avtobuslara yalnız ön qapıdan daxil olaraq ödənişi kart vasitəsilə həyata keçirməyə çağırırıq. Bu yanaşma xidmətin şəffaflığının, təhlükəsizliyinin və səmərəliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır", - deyə açıqlamada qeyd edilib.

"Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətindən isə qeyd edilib ki, sərnişin daşıma fəaliyyəti ilə bağlı təsdiq edilmiş mövcud qaydalara görə sərnişinlər avtobusun ön qapısından ödəniş edərək nəqliyyat vasitəsinə daxil olmalı və arxa qapılardan düşməlidir:

"Bir çox hallarda müşahidələr göstərir ki, sərnişinlərdən bəziləri avtobusa daxil olduqdan sonra arxaya doğru hərəkət etməyərək qapının qarşısını kəsir, salonun keçidini tutaraq digər insanların avtobusa rahat daxil olub hərəkət etməsinə imkan vermirlər. Bu kimi hallarda, eləcə də pik saatlarında sürücülərin dayanacaqlardakı sərnişinlərə ödəniş etdikdən sonra arxa qapılardan avtobusa daxil olmasına icazə verdiyini də görürük. Bununla belə sürücülərə qaydalara əməl edilməsi ilə bağlı vaxtaşırı təlimatlar verilir və bu kimi halların zərurət yaranmadığı təqdirdə təkrarlanmaması diqqətə çatdırılır".

Mövzuya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də (AYNA) münasibət bildirilib. Qurumun cavabına görə, Nazirlər Kabinetinin 141 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm şəhərdaxili marşrutlarda sərnişinlərin iki qapısı olan avtobuslarda düşməsi hər iki qapı, minməsi isə birinci qapıdan, üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir:

"Hər avtobusun istehsalçı tərəfindən həm oturacaq, həm də ayaq üstə daşına biləcək sərnişin sayı ilə bağlı tutumu müəyyən edilib. Hər hansı avtobusda müəyyən edilmiş həddən artıq sərnişin daşınması və bunun təhlükəsizlik qaydalarının pozulmasına gətirib çıxardığı təqdirdə hüquq-mühafizə arqanları tərəfindən inzibati tədbirlər görülə bilər. Avtobusların sıxlığı və doluluq səviyyəsi ilə bağlı monitorinqlər keçirilir. Hər hansı avtobusda doluluğun yüksək olduğu müəyyən edilirsə, avtobus sayının artırılması ilə bağlı tədbirlər görülür".