Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir Sosial

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

News24.az xəbər verir ki, artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.

Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Qeyd edək ki, bu il Od çərşənbəsi martın 3-də qeyd ediləcək. Martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edir.

Yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-də Azərbaycana daxil olacaq.