Bu gün vəfat edən Fəzail Ağamalı ilə bağlı MARAQLI MƏLUMATLAR

Bu gün vəfat edən Fəzail Ağamalı ilə bağlı MARAQLI MƏLUMATLAR Sosial

Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

News24.az Fəzail Ağamalının dosyesini təqdim edir:

Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır. 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, tarix elmləri doktoru, professor Fəzail Ağamalı Azərbaycan siyasətçisi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993) vəzifələrində çalışıb.