Bu hal avtoqəzalarda xəsarət riskini dəfələrlə artırır - ÇAĞIRIŞ
Sosial
Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması riski bir neçə dəfə artırır və bu, bizim gündəlik təcrübəmizdə ən ağır travmaların əsas səbəblərindən biridir. Tibbi və yol təhlükəsizliyi araşdırmalarına əsasən təhlükəsizlik kəməri taxılmadıqda travma riski təxminən 2–3 dəfə artır.
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini - baş həkim Nizami Məmmədov deyib.
Onun sözlərinə görə ağır baş-beyin travması, daxili qanaxma və çoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:
“Qəza zamanı avtomobildən kənara atılma riski isə 20–30 dəfə daha çox olur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər taxılmadığı üçün xəstə ciddi xəsarətlərlə xəstəxanaya gətirilib. Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi. Təcrübədə müraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər (dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamam olur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar adətən yüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyin travması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyli azalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyin travmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri daha tez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riski yüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqda həlledici rol oynayır”.
Çıxışının sonunda izləyicilərə müraciət edən Nizami Məmmədov bildirib ki, təhlükəsizlik kəməri onları narahat etmək üçün deyil, əksinə qorumaq üçün var:
“Qısa məsafə, şəhər içi yol, arxa oturacaq — bunların heç biri riskin olmadığı anlamına gəlmir. Qəza bir anın içində baş verir, nəticələri isə ömür boyu qala bilər. Öz həyatınız, ailəniz və avtomobildə olan hər kəs üçün təhlükəsizlik kəmərini mütləq taxın. Bu, bir vərdiş deyil — həyat məsələsidir”.