Bu il magistraturaya qəbul balları artacaq?
Sosial
"Bu il magistraturaya qəbul imtahanlarının birinci cəhdinin fevral, ikinci cəhdinin isə may ayında keçirilməsi planlaşdırılır. Ötən il mövcud plan yerləri ilə müsabiqə şərtini ödəyən abituriyentlərin sayı arasında kəskin fərq müşahidə olunmuşdu. Eyni zamanda, müsabiqə şərtini ödəməsinə baxmayaraq, ixtisaslaşma mərhələsində iştirak edən bakalavrların sayı da təəssüf ki, az olmuş və nəticədə təxminən 3 minə yaxın yerin boş qaldığı məlum olmuşdu".
Bu fikirləri News24.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi səsləndirib. O bildirib ki, bəzi yerlərin boş qalmasının əsas səbəblərindən biri illik təhsil haqlarının yüksək olmasıdır.
“Bununla yanaşı, bəzi ixtisaslar üzrə tələb olunan minimal keçid şərti ödənilməmişdi. Nəticədə həmin ixtisaslar üzrə seçim aparmaq mümkün olmadı. Eyni zamanda, ötən il magistratura pilləsi üzrə dövlət sifarişli yerlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artırılmışdı. Dövlət sifarişi əsasında qəbul olunan bakalavrların sayı da əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çox olmuşdu”, – deyə ekspert qeyd edib.
Elçin Əfəndi bu il keçiriləcək magistratura imtahanları ilə bağlı da bəzi məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, magistraturaya qəbul imtahanında xarici dil üzrə esse yazısı tətbiq olunur və esse yazan namizədlərə 5 bal verilməsi nəzərdə tutulur:
“Artıq demək olar ki, 2–3 ildir bu prinsipin tətbiq olunması bakalavrların imtahan prosesinə uyğunlaşmasına şərait yaradır. Bu isə nəticə etibarilə toplanan ballara müəyyən təsir göstərir. Bu il də balların 1-2 bal artacağı gözlənilir”.
Ekspertin fikrincə, bu il magistraturaya qəbul üzrə müraciətlərin sayında artım gözlənilir:
“Əgər ötən il imtahanda iştirak üçün təxminən 25 min bakalavr qeydiyyatdan keçmişdisə, bu il bu göstəricinin daha yüksək olacağını proqnozlaşdırırıq. Eyni zamanda, imtahanların bakalavrların prosesə uyğunlaşması baxımından daha əlçatan olması gözlənilir”, – deyə o əlavə edib