“Bu masa sənlik deyil!” - Müştəri haqlıdır, yoxsa restoran?
Sosial
“Facebook” sosial şəbəkə platformasında memar Elçin Əliyev “Boranı” restoranı ilə bağlı şikayət xarakterli paylaşım edib. Onun sözlərinə görə, restorana daxil olarkən seçdiyi masada əyləşməsinə icazə verilməyib. Memar bildirib ki, əyləşmək istədiyi yerin “ailəvi zona” olduğu əsas gətirilərək ona kişilər üçün ayrılmış bölməyə keçməsi təklif olunub. Sözügedən məsələ sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə doğurub. Bəzi istifadəçilər hesab ediblər ki, restoranların bu cür qaydalar tətbiq etməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər istifadəçilər isə restorana haqq qazandıraraq, bu kimi məsələlərin ictimai iaşə obyektlərinin daxili qaydaları çərçivəsində tənzimlənməsinin normal olduğunu bildiriblər.
Bu kontekstdə sual yaranır: İctimai iaşə obyektlərində bu cür qaydaların tətbiqi istehlakçı hüquqlarının pozulmasıdır, yoxsa restoranlar daxili qaydalarına əsaslanaraq belə məhdudiyyətlər qoya bilərlər? Bənzər hallarla üzləşən vətəndaşlar hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq “Boranı” restoranından bildirilib ki, açıqlamada adı çəkilən qonağı konkret olaraq xatırlamasalar da, restoranın bütün filiallarında tətbiq olunan qaydalara əsasən, restorana daxil olan hər bir qonağa əvvəlcədən siqaret çəkilməsinə icazə verilən və verilməyən zonalar barədə məlumat təqdim olunur:
“Qeyd olunan zona eyni zamanda ailəvi restoran konsepsiyamıza uyğun olaraq ailələrin və uşaqlarla əyləşən qonaqların nəzərdə tutulduğu hissədir. Bu yanaşma yalnız daxili qaydaların tətbiqi və qonaqların rahatlığının təmin edilməsi məqsədi daşıyır. Müştəri məmnuniyyəti bizim üçün hər zaman ön plandadır və sözügedən bəyi filiallarımızdan birində yenidən qonağımız kimi görməkdən məmnun olarıq”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bütün vətəndaşlar ticarət və digər xidmət sahələrində tələbatlarının ödənilməsində bərabər hüquqlara malikdirlər:
“Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, habelə bu hüquqların birbaşa və ya dolayısı ilə hər hansı formada məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət sahələrində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin qarderoba təhvil verilməsi və s.) hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində formalaşan və geniş tətbiq edilən, qanunvericilikdə birbaşa nəzərdə tutulmayan davranış qaydaları hansısa normativ aktda qeyd edilib-edilməməsindən asılı olmayaraq işgüzar adət hesab olunur. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlərin tətbiqinə yol verilmir”.
Yəni restoranlar müştərilərə bərabər xidmət göstərməlidir və qanunda xüsusi əsas yoxdursa, kimisə fərqli münasibətlə məhdudlaşdıra bilməz. Eyni zamanda, restoranlar qanuna zidd olmayan daxili qaydalar qoya bilər. Bu qaydalar hamıya eyni tətbiq olunmalı və ayrı-seçkilik yaratmamalıdır.