Cəriməsini ödəməyən əmlakından olacaq

Cəriməsini ödəməyən əmlakından olacaq Sosial

Yeni qanuna görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına, bunlar kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək. Bəs əgər şəxsin əmlakı cəriməsindən daha dəyərlidirsə, bu zaman proses necə icra ediləcək?

News24.az xəbər verir ki, hüquqşünas Əlövsət Allahverdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, əmlakın dəyəri cərimə məbləğindən böyük olsa belə, icra əmlakı müsadirə edib dövlətə keçirmək kimi deyil, pul tələbinin – yəni cərimənin ödənilməsi qaydasında aparılır. Burada məqsəd cəriməni və icra ilə bağlı məcburi xərcləri tutmaqdır, artıq məbləği borcluda saxlamamaq deyil:

“Praktik icra mexanizminə görə, icra məmuru borclunun əmlakını müəyyən edir və lazım gəldikdə qiymətləndirmə aparılır. Qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Sonra cərimənin, icra ödənişinin və icra hərəkətləri xərclərinin ödənilməsi üçün əmlaka tutma yönəldilir və əmlak, bir qayda olaraq, hərrac yolu ilə satılır. Xırda dəyərli daşınar əşyalar üçün isə ayrıca satış qaydası tətbiq olunur”.

Ə. Allahverdiyev əlavə edib ki, əmlak cərimədən daha dəyərlidirsə, iki əsas hal mümkündür:

“Əmlak satıldıqdan sonra əldə olunan vəsaitdən əvvəlcə tələb, yəni cərimə və icra üzrə tutulmalı məbləğlər ödənilir, bütün tələblər təmin edildikdən sonra qalan pul borcluya qaytarılır, qanunda başqa hal nəzərdə tutulmayıbsa. Yəni əmlakın dəyəri yüksəkdirsə, bu, sadəcə olaraq, satışdan sonra qalıq vəsaitin borcluya qaytarılması ilə nəticələnir. Əmlakın özü artıq sayılmır, tutmanın həcmi məqsədəuyğun şəkildə seçilir. Qanunda eyni borclu üzrə bir neçə icra sənədi olduqda həbsin və ya tutmanın həcminin tələb, icra ödənişi və ehtimal olunan xərclərin ümumi məbləği həddində qoyulması ayrıca vurğulanır. Tək bir icra sənədi – yalnız cərimə olduqda məntiq eynidir: icra tədbiri cəriməni və icra xərclərini ödəməyə yönəlir. Əmlak bölünəndirsə və ya alternativ əmlak mövcuddursa, adətən borcu örtməyə yetəcək həcmdə tutma seçilir. Bölünməyən əmlakda, məsələn tək avtomobil və ya daşınmaz əmlak olduqda isə satış tam şəkildə həyata keçirilə bilər, lakin artıq vəsait yenə də borcluya qaytarılır”.