Çillələrdən Novruza: Qışın sonu, ənənələr və yenilənmə bayramı

Çillələrdən Novruza: Qışın sonu, ənənələr və yenilənmə bayramı Sosial

Qış hələ bitməyib, amma təbiət yavaş-yavaş oyanmağa başlayır və qədim adət-ənənələr yenidən gündəmə gəlir. Xalq arasında bu dövr xüsusilə çillələr mərasimi ilə yadda qalır. Bu mərasim Novruza hazırlıq dövrü olmaqla həm simvolik, həm də praktik əhəmiyyət daşıyır.

News24.az bu mövzuda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə ilə söhbət edib.

Dosent İslamzadə bildirib ki, Novruz bayramı həm Şərq, həm də türk xalqları arasında qədimdən bəri qeyd olunur və xalqları bir-birinə bağlayan, aralarındakı ünsiyyəti gücləndirən ənənədir:

"Novruz ərəfəsində çillələr iki əsas yanaşma ilə izah olunur. Bəzi tədqiqatçılar hesab edirlər ki, “çillə” sözü fars mənşəli “çəhil” sözündən yaranıb və 40 deməkdir. Bu yanaşmaya görə, böyük çillə 40 gün davam edir, ondan sonra isə kiçik çillə 20 gün olur. Digərləri isə bu yanaşmanı doğru saymır, çünki əgər “çillə” 40 deməkdirsə, kiçik çillənin 20 gün olması izah edilməz.

Beləliklə, bəziləri “çillə” sözünü fars mənşəli hesab edir, digərləri isə onu qədim türk ifadəsi olan “çilə çəkmək”lə əlaqələndirir. Burada “çilə çəkmək” nəfsə hakim olmaq, çətinliklərdən keçmək mənasına gəlir. Novruz ərəfəsində bu, ağrı-acılardan və çətinliklərdən keçmək kimi başa düşülür. Qədimdə insanlar sərt qış şəraitində aylarla yaşayır, məhsullar tükənir, anbarlar isə dolurdu. Buna görə də əkinçiliklə məşğul olan əhali qışdan çıxmağı, çilədən keçməyi bir mərhələ kimi qəbul edirdi".

Dosent Atif İslamzadə qeyd edib ki, böyük çillə 40 gündür və adətən dekabrın 20-si başlayır:

"Bu gecə ilin ən uzun gecəsi hesab olunur. Bəzən bu tarix 21 və ya 22 dekabr olaraq da qeyd edilir. Qışın ilk gününə “çillə gecəsi” deyilir. Daha sonra kiçik çillə başlayır və fevralın 20-nə qədər davam edir.

Çillə dövrü həmçinin Boz ayla tamamlanır. Bu dövrə 4 Novruz çərşənbəsi – su, od, yel və torpaq – daxildir. Həmin günlərdə xalq “yalançı çərşənbə”ləri də qeyd edir və bu mərasimlər qədim dövrdən geniş şəkildə keçirilir.

Bəzi bölgələrdə çillə gecələri hələ də yaşayır. Məsələn, böyük qarpız samanlıqda saxlanır və gecə kəsilir. Bu ənənə göstərir ki, Novruz qışın girişindən başlayır. Ardıcıllıq belədir: əvvəl böyük çillə, sonra kiçik çillə, daha sonra Boz ay və 4 çərşənbə qeyd olunur. Beləcə, xalq çillədən çıxır, təbiət yenidən canlanır, insanlar isə təbiətin bir hissəsi olaraq yenilənir.

Novruz bu baxımdan yenilənmə bayramıdır. Ona bir zamanlar “yengi gül” də deyilib və hələ də bəzi bölgələrdə bu ad qorunur".

Gülçin Abdullayeva