Qohum evlilikləri qadağasına niyə əməl olunmur?

Qohum evlilikləri qadağasına niyə əməl olunmur? Sosial

Azərbaycanda qohum evlilikləri qanunla yasaqlansa da, bu hal bəzi bölgələrdə hələ də davam etməkdədir. Tarixi ənənələr, ailə bağlarının qorunması istəyi və cəmiyyət daxilində formalaşmış düşüncə tərzi bir çox hallarda belə izdivaclara səbəb olur. Lakin müasir dövrdə tibbin inkişafı qohum evliliklərinin doğura biləcəyi ciddi genetik riskləri açıq şəkildə ortaya qoyur. Buna baxmayaraq, bəzi ailələr bu riskləri ya nəzərə almır, ya da bu haqda yetərli qədər məlumatlı olmur.

Maraqlıdır, qanunların mövcudluğu niyə bu halların qarşısını tam ala bilmir? Gələcək nəsillərin sağlamlığı naminə bu cür evliliklərin qarşısını almaq üçün daha hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən deputat Günay Ağamalı qeyd edib ki, qohum evliliyi məsələsi hüquqi, sosial-psixoloji müstəvidə yanaşma tələb edən həssas mövzudur: "Qohum evliliklərinin qanunvericiliklə məhdudlaşdırılması cəmiyyətimizin sağlam gələcəyi baxımından atılmış vacib addımdır. Bu qərarın əsas məqsədi gələcək nəsillərin sağlamlığının qorunması, genetik risklərin minimuma endirilməsidir.

Lakin təəssüf ki, bəzi hallarda qanunun mövcudluğu praktiki nəticə vermir. Bunun başlıca səbəbi yalnız hüquqi mexanizmlərin deyil, eyni zamanda ictimai şüurun yetərincə formalaşmamasıdır. İnsanlar bu məsələni sadəcə qadağa kimi deyil, sağlamlıq və gələcək məsuliyyət prizmasından qəbul etməlidirlər.

Qənaətimcə, problemin həllində əsas amil maarifləndirmənin gücləndirilməsidir. İlk növbədə məktəblərdə, ali təhsil müəssisələrində və ictimai platformalarda genetik risklər, qohum evliliklərinin fəsadları barədə sistemli və elmi əsaslı məlumatlandırma aparılmalıdır. Həkimlərin, genetik mütəxəssislərin iştirakı ilə televiziya proqramları, sosial çarxlar və regionlarda səyyar görüşlər təşkil olunmalıdır.

Eyni zamanda nikahdan əvvəl tibbi müayinələrin əhəmiyyəti daha ciddi şəkildə təbliğ edilməli, bu proses formal prosedur deyil, real qiymətləndirmə kimi işləməlidir. Qanunun icrası ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsi, müvafiq icra orqanları arasında koordinasiyanın artırılması vacibdir.

Qeyd etməliyəm ki, bəzi hallarda qohum evlilikləri qeyri-rəsmi yollarla həyata keçirilir ki, bu da problemin köklü həllinə mane olur. Bu səbəbdən yanaşma kompleks olmalıdır. Hüquqi tənzimləmə, ictimai maarifləndirmə və sosial məsuliyyət paralel şəkildə gücləndirilməlidir. Yalnız bu halda biz real nəticə əldə edə və gələcək nəsillərin sağlamlığını qorumağa nail ola bilərik. Sözügedən məsələdə əsas məqsəd məsuliyyət formalaşdırmaqdır".

Həmçinin mövzu ilə bağlı fikirlərini bildirən AQUPDK Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva bildirib ki, qan qohumları arasında evliliklər nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir: "Qohum evliliklərinin faiz dərəcəsi ümumi evliliklərin sayından aşağı olsa da, reallıqda dünyaya gəllən sağlamlıq imkanları məhdud olan uşaqların sayı çoxdur. Yad cütlüklər arasında evliliklər nəticəsində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərdən risk 4-8 %-dək artır.

Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, qohum evlilikləri ilə bağlı bir sıra ölkənin qanunvericiliyində də qadağalar qoyulub. Belə ki, Çin, Tayvan, Şimali Koreya, Cənubi Koreya, Filippin və ABŞ-ın 24 ştatında baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahların bağlanmasına qadağa qoyulub. Almaniyada ailə qanunvericiliyinə əsasən 3-cü dərəcəli qohumlar arasında (yəni əmi və ya dayı və onun qardaşı və ya bacısı qızı, eləcə də, bibi və ya xala və onun bacısı və ya qardaşı oğlu) nikahların bağlanmasına yol verilmir. Nikahın bağlanma şərtləri haqqında qanunun pozuntusuna yol verildiyi halda nikah etibarsız hesab edilir.

Qohumlar arasında nikahların mənfi nəticələri Azərbaycan Respublikasının ailə qanunvericiliyində əvvəllərdə nəzərə alınıb. AR Ailə Məcəlləsinin 12 Maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.

Lakin dövlət tərəfindən sözügedən məsələnin həlli istiqamətində lazımi tədbirlərin görülməsinə baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur, bu da cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin vacibliyini göstərir. İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum evliliklərlə bağlı düzgün münasibətin formalaşmasında və məsələnin həllində öz töhfəsini verəcək".

Qeyd edək ki, qan qohumları arasında evliliklərin fəsadlarının ölkənin gələcək nəsillərinə və genofonduna cidddi təsir edə biləcəyini nəzərə alaraq, gələcək nəsillərin sağlamlığı və ölkəmizin demoqrafik təhlükəsizliyini təmin edilməsi naminə 2024-cü ildə qohum nikahlarının məhdudlaşdırılmasına dair qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulub. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Qanunun qüvvəyə mindiyyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur.