Ağlayan uşaqlar, yorulan valideynlər: Artan dərs yükünün səbəbləri

Ağlayan uşaqlar, yorulan valideynlər: Artan dərs yükünün səbəbləri Sosial

Ötən günlərdə sosial şəbəkə platformalarında yayılan video geniş maraq doğurub. Videoda bir valideyn uşağına dərs öyrədir, lakin uşaq ağlayaraq öyrənə bilmir. Bu hadisə son dövrlərin aktual probleminə – şagirdlərin həddindən artıq dərs yükünə diqqət çəkir. Ev tapşırıqlarının çoxluğu uşaqlarda həm dərs yükünün artmasına, həm də asudə vaxtın məhdudlaşmasına səbəb olur. Maraqlısı budur ki, valideynlər bəzi hallarda ev tapşırıqlarını özləri yerinə yetirə bilmədikləri üçün uşaqlarını müəllim yanına, hazırlığa göndərirlər.

Bəs şagirdlərin bu qədər yüklənməsinin qarşısı necə alınmalıdır və tədris sistemində hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, şagirdlərin dərs yükünü əvvəlki dövrlərlə müqayisə etdikdə, onun xeyli artdığı müşahidə olunur:

"Əgər əvvəlki illərdə (təxminən 2015-ci ilə qədər) ibtidai sinif şagirdləri həftədə 20–21 saat dərs keçirdilərsə, hazırda bu göstərici 22–25 saat arasında dəyişir. Belə ki, birinci sinif şagirdləri həftə ərzində 22 saat, ikinci siniflər 23 saat, üçüncü və dördüncü siniflər isə 25 saat dərs yüklənməsi ilə qarşılaşırlar".

Ekspertin sözlərinə görə, bu artım yeni tədris çağırışlarına uyğun olaraq tədris planına informatika və texnologiya fənlərinin əlavə edilməsi ilə əlaqədardır:

"Bununla yanaşı ibtidai təhsil pilləsində Azərbaycan dili, riyaziyyat, həyat bilgisi və xarici dil kimi əsas fənlərin də tədrisi davam etdirilir. Kurikulum sisteminə keçiddən sonra həm şagirdlər, həm də valideynlər üçün müəyyən çətinliklər yaranıb. Valideynlər ənənəvi tədris modelinə alışdıqları üçün kurikulum əsaslı tapşırıqları və sualları anlamaqda və övladlarına bu istiqamətdə yardım göstərməkdə çətinlik çəkirlər.

Valideynlərin əksəriyyəti işlədikləri üçün bu problemi aradan qaldırmaq məqsədilə repetitor hazırlıqlarına üz tuturlar. Son illərdə müşahidə edilir ki, bəzi valideynlər ev tapşırıqlarının yerinə yetirilməsini də repetitorların nəzarətinə həvalə edirlər. Bu hal bir tərəfdən valideynlərin uşaqların dərs yükünün çox olmasından narazılığını artırır, digər tərəfdən isə təhsil prosesində ailə iştirakını zəiflədir".

Təhsil eksperti müasir dövrdə uşaqların bilik və bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb:

"Lakin məqsəd yalnız dərs yükünü artırmaq deyil, tədrisin keyfiyyətini və səmərəliliyini təmin etməkdir. Arzuolunan odur ki, məktəblərdə ev tapşırıqlarının həcmi azaldılsın və şagirdlər əsas bilikləri daha çox dərs zamanı, yəni auditoriya şəraitində mənimsəsinlər. Xarici ölkələrin təhsil sistemlərinə nəzər saldıqda orada şagirdlərin asudə vaxtlarının valideynləri ilə səmərəli şəkildə keçirdikləri müşahidə olunur. Bizim təhsil sistemində isə şagirdlər ev tapşırıqları ilə həddindən artıq yüklənirlər.

Bu səbəbdən növbəti illərdə Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar tərəfindən ibtidai təhsil pilləsində dərs yükünün və ev tapşırıqlarının miqdarının azaldılması, tədrisin daha balanslı və uşaqların psixoloji rahatlığına uyğun şəkildə təşkili nəzərdən keçirilməlidir".

Xeyrənsə Piriyeva