Şagirdlər niyə bu qədər yüklənir? – Nazirlikdən açıqlama

Şagirdlər niyə bu qədər yüklənir? – Nazirlikdən açıqlama Sosial

Son dövrlər ən çox müzakirə olunan problemlərdən biri də şagirdlərin dərs yükünün həddindən artıq olmasıdır. Valideynlərin və ekspertlərin fikrincə, məktəbdə keçirilən dərslərdən sonra uşaqların evdə də uzun müddət dərs oxumağa məcbur qalması onların asudə vaxtını məhdudlaşdırır və psixoloji yorğunluğa səbəb olur.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili (o cümlədən dərs saatlarının miqdarının müəyyən olunması), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” və Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” əsasında həyata keçirilir:

"Dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklər yuxarıda qeyd olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na və həmin sənədə əsasən hazırlanmış fənlər üzrə təhsil proqramlarına (kurikulumlara) uyğun hazırlanır. Eyni zamanda dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”ndakı qiymətləndirmə meyarlarına uyğunluğu (o cümlədən təhsilalanların yaş xüsusiyyətlərinə uyğunluğu) yoxlandıqdan sonra təsdiq edilir".

"Buna baxmayaraq, təəssüf ki, bəzən müəllimlərin subyektiv qərarları ilə əlavə dərs vəsaitlərinin alınması və istifadəsi halları baş verir ki, bu da şagirdlərdə izafi dərs yükünün yaranmasına səbəb olur", - deyə nazirlikdən bildirilib.

Xeyrənsə Priyeva