Dilənçiliklə mübarizə: Təkcə cəza kifayətdirmi?
Sosial
Azərbaycanda dilənçiliklə məşğul olan şəxslərə qarşı ciddi sanksiyaların tətbiqi nəzərdə tutulur. Bu tədbirlərə inzibati cərimələr, xəbərdarlıqlar və müəyyən hallarda inzibati həbs daxildir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, dilənçiliklə məşğul olmağa görə cərimə artırılır. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Mövzu ilə bağlı News24.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, dilənçiliklə bağlı məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, maddənin dispozisiyasına əsasən, avaralıq və dilənçiliklə məşğul olan şəxslərə əvvəlcə xəbərdarlıq edilə bilər:
"Hazırda qüvvədə olan qanuna əsasən, işin hallarından, törədilmiş inzibati xətanın xarakterindən və həmin şəxsin şəxsiyyəti nəzərə alınaraq, belə şəxslər barəsində 10 günədək müddətə inzibati qaydada həbs tətbiq edilə bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə isə xəbərdarlıq edilə və ya 20 manatdan 25 manatadək məbləğdə cərimə tətbiq oluna bilər. Bundan əlavə, onlar cərimə tətbiq edilməklə və ya edilmədən Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarıla bilərlər".
Ramil Süleymanov həmçinin şəxsiyyət vəsiqəsi olmayan dilənçilərlə bağlı tətbiq olunan prosedurlara da aydınlıq gətirib. O bildirib ki, dilənçiliklə məşğul olan şəxslərin əksəriyyətində şəxsiyyət vəsiqəsi olur, lakin bəzi hallarda həmin sənədlər onların özləri tərəfindən gizlədilə bilər:
"Bu halda, əgər şəxsiyyət vəsiqəsi təqdim edilməzsə, həmin şəxslər inzibati qaydada saxlanıla və şəxsiyyətləri müəyyən edilə bilər. Şəxsiyyətləri müəyyən olunduqdan sonra onlar barəsində müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilir. Bundan sonra isə zəruri hallarda həmin şəxslər Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarıla bilərlər".
Hüquqşünasın sözlərinə görə, cəzanın sərtləşdirilməsi və ya hüquq pozuntularına görə tənbeh tədbirlərinin tətbiqi gizli və ya başqa məqsəd daşımır:
"Bu yanaşma daha çox hüquqi və tərbiyəvi məqsədlərə xidmət edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, inzibati tənbeh tədbirlərinin əsas məqsədlərindən biri hüquq pozuntusu törətmiş şəxslərin islah olunması və gələcəkdə bu kimi halların qarşısının alınmasıdır. İnzibati tənbeh tətbiq edilərkən bir sıra amillər nəzərə alınır. Bunlara törədilən əməlin xarakteri, onun ictimai təhlükəlilik dərəcəsi, eləcə də şəxsin fərdi xüsusiyyətləri və davranışı daxildir. Bu meyarlar konkret halda hansı tədbirin daha effektiv olacağını müəyyənləşdirməyə imkan verir".
Ramil Süleymanov qeyd edib ki, dünya təcrübəsində də oxşar yanaşma tətbiq olunur:
"Bir çox ölkələrdə hüquqi tədbirlərlə yanaşı, əhalinin məşğulluğunun artırılması və sosial inteqrasiyanın gücləndirilməsi istiqamətində addımlar atılır. Məqsəd insanların sosial-iqtisadi fəaliyyətə cəlb olunmasını təmin etmək və onların qeyri-formal fəaliyyətlərdən uzaqlaşmasına şərait yaratmaqdır".