"Diləyim yerinə yetsə, oruc tutaram…” demək doğrudurmu? — İlahiyyatçılardan xəbərdarlıq
Sosial
Din insanın mənəvi dünyasını formalaşdırmaq və davranışlarına istiqamət vermək üçündür. Lakin bu gün bəzən dinə fərqli yanaşmalarla rastlaşırıq. İnsanlar ibadəti və dini davranışları şərtə bağlayır, sanki Allahla razılaşma edirlər: “Bu iş alınsa, edərəm, alınmasa, etmərəm". Bu yanaşma isə dinin mahiyyətinin yanlış başa düşüldüyünü göstərir.
Hətta bəzi insanlar arzularının yerinə yetməsi üçün oruc və qurban nəzir edirlər. Nəzir, qurban və oxşar anlayışların yalnız nəticə gözləməklə əlaqələndirilməsi cəmiyyətdə yanlış dini təsəvvürlərin formalaşmasına səbəb olur. Bu isə xüsusilə gənclər arasında dinə münasibətdə suallar və çaşqınlıq yaradır.
Əsas suallardan biri də budur: Qurban və ya oruc nəzirini niyyət etmək dini baxımdan nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu cür yanaşmaları “din biznesi” adlandırmaq olar. Onun sözlərinə görə, belə hallarda insan Allahla şərtli münasibət qurmuş olur:
""Ey Allahım, sən bunu et, mən də sənin üçün bunu edim". Bu doğru yanaşma deyil və heç bir dini əsası yoxdur. Din belə bir münasibəti qəbul etmir. Bu, sanki oyuna çevrilmiş yanaşmadır".
Elşad Miri vurğulayıb ki, İslamda nəzir qurbanı və bu tip anlayışlar yoxdur, bunlar insanların sonradan formalaşdırdığı yanaşmalardır:
"Din şərt qoymaq və qarşılıq gözləmək üzərində qurulmayıb".
İlahiyyatçı Turan İrfan isə bildirib ki, İslamda nəzir orucu və nəzir qurbanı anlayışı mövcuddur, lakin burada çox vaxt diqqətdən qaçan incə bir məqam var. Onun sözlərinə görə, insanlar Allaha şərt qoymamalıdır:
""Mənim bu işimi həll et, mən də sənin üçün oruc tutum və ya qurban kəsim” demək doğru deyil. Bu halda məsələ alver xarakteri daşıyır və Allaha minnət qoymaq anlamına gəlir".
Turan İrfan qeyd edib ki, düzgün yanaşma dua edərək Allahdan istəməkdir: "Əgər Allah müsbət qərar verib işi həll edərsə, bundan sonra qurban kəsəcəyinə və ya oruc tutacağına əhd etmək olar".
Onun fikrincə, tələb və istək anlayışları fərqlidir: “Tələb şərt qoymaqdır, istək isə əhddir. Allaha şərt qoymaq olmaz, ondan istəmək olar. Dilək yerinə yetərsə, əhd də yerinə yetirilməlidir".
O əlavə edib ki, əgər insanın diləyi yerinə yetməyibsə, əvvəlcədən əhd etdiyi nəziri verməməsi və ya qurban kəsməməsi mənəvi məsuliyyət yaratmır:
"Bu, sadəcə bir arzu kimi dəyərləndirilir. Alternativ olaraq isə insanlar əvvəlcədən sədəqə verə, qurban kəsə və ya oruc tutaraq dua edə bilərlər. Bu, nəzirin qabaqcadan icra olunmasıdır və daha uyğun yanaşmadır. Belə olduqda insan bir neçə gün oruc tutur, qurban kəsir və ya kasıba sədəqə verərək Allahdan istəyini dilə gətirir".