Əhali artımı, miqrasiya və şəhər problemləri - AÇIQLAMA
Sosial
Son illər dünyanın bir çox ölkəsində əhali artımı və miqrasiya məsələləri ciddi müzakirə mövzusuna çevrilib. Bu tendensiya fonunda bəzi dövlətlər demoqrafik dəyişiklikləri və miqrasiya axınlarını tənzimləmək üçün müxtəlif mexanizmlər üzərində düşünür. Belə bir vaxtda Avropada əhali artımı ilə bağlı maraqlı təşəbbüs gündəmə gəlib.
Belə ki, İsveçrədə ölkə əhalisinin 2050-ci ilə qədər 10 milyon nəfəri keçməməsini nəzərdə tutan təşəbbüs referendum yolu ilə səsverməyə çıxarılmağa hazırlanır. “10 milyonluq İsveçrəyə yox” adlı təşəbbüs immiqrasiyanın məhdudlaşdırılması vasitəsilə əhali artımının yavaşladılmasını hədəfləyir. Referendumun 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılır və təşəbbüs sağçı İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülərək dəstəklənir.
Təşəbbüsə görə, əgər ölkə əhalisi 9,5 milyon nəfərə yaxınlaşarsa, hökumət əhali artımını məhdudlaşdırmaq üçün tədbirlər görməlidir. Tərəfdarlar bunu infrastruktur, mənzil və resurslara düşən təzyiqin artması ilə əsaslandırır, tənqidçilər isə belə addımın ölkə iqtisadiyyatı və Avropa ilə əməkdaşlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.
Azərbaycanda da paytaxt Bakıda son dövrlər əhali sayının sürətlə artdığı bildirilir. Bəzi hesablamalara görə, Bakı əhalisinin sayı 3 milyonu ötüb.
Demoqrafik artımın davam etməsi isə şəhərin infrastrukturuna, yaşayış sahələrinə və sosial xidmətlərə düşən yükün daha da artacağı ilə bağlı müzakirələri gündəmə gətirir.
Bəs bu artım gələcəkdə paytaxt üçün hansı problemlər yarada bilər və əhali sayının tənzimlənməsi ilə bağlı hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, hazırda Azərbaycanda demoqrafik vəziyyət müəyyən mənada narahatedici mərhələyə daxil olub və doğum göstəriciləri azalsa da, şəhərlərdə əhali sayı artıb:
"Demoqrafik artımın hesablanması üçün beynəlxalq standartlar mövcuddur və bu göstəricilər əhalinin özünü təkrar istehsal səviyyəsini müəyyən edir. Beynəlxalq standartlara görə əhalinin təkrar artımı üçün doğum əmsalı 2,1 olmalıdır. Lakin Azərbaycanda bu göstərici hazırda təxminən 1,7 səviyyəsinə düşüb. Son illər bu rəqəm 1,7–1,9 intervalında dəyişir. Bu isə demoqrafik baxımdan ciddi siqnaldır. Xüsusilə 2000–2001-ci illərdə doğulan nəsillərin sayında müəyyən azalma müşahidə olunub. Bundan başqa, 2020-ci ildə baş vermiş müharibənin də demoqrafik proseslərə müəyyən təsirləri olub”.
İqtisadçı qeyd edib ki, ölkədə demoqrafik problemlər yalnız doğum səviyyəsinin azalması ilə məhdudlaşmır. Onun sözlərinə görə, regionlar arasında əhali balansının pozulması da ciddi tendensiya kimi özünü göstərir:
“Hazırda Azərbaycanda əhalinin təxminən 55 faizi şəhər ərazilərində yaşayır. Kəndlərin boşalması və kənd əhalisinin şəhərlərə axını davam edir. Bu isə regionlarda demoqrafik balansın pozulmasına və əhalinin qocalma prosesinin sürətlənməsinə səbəb olur. Gələcəkdə bu tendensiya həm iqtisadiyyat, həm də sosial sistem üçün ciddi problemlər yarada bilər”.
Asif İbrahimov vurğulayıb ki, demoqrafik azalma xüsusilə pensiya sistemi üçün risklər yaradır:
“Azərbaycanda pensiya sistemi nəsillərarası həmrəylik prinsipi əsasında fəaliyyət göstərir. Yəni hazırda işləyən nəsil ödədiyi sosial ödənişlərlə əvvəlki nəsillərin pensiyasını maliyyələşdirir. Gələcəkdə isə bugünkü gənclərin pensiyasını onların övladları ödəməlidir. Doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə bu sistemə ciddi təzyiq yarada və dövlət büdcəsinə əlavə yük gətirə bilər”.