Əlilliyin qiymətləndirilməsində süni intellekt - Hər şey dəyişəcək?

Əlilliyin qiymətləndirilməsində süni intellekt - Hər şey dəyişəcək? Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Maraqlı məqamlardan biri isə əlillik dərəcələrinin müəyyənləşdirilməsi və xəstələrin qiymətləndirilməsi prosesində süni intellektin rolunun necə olacağıdır. Bu texnologiyanın tətbiqi həm obyektivliyin artırılması, həm də prosedurların daha şəffaf və operativ aparılması baxımından yeni imkanlar vəd etsə də, prosesin praktiki icrası və mümkün riskləri ilə bağlı suallar açıq qalır.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə bildirib ki, süni intellektin hazırda müəyyən məsələlərdə faydalı ola biləcəyi və bəlkə də daha obyektiv yanaşma təmin edəcəyi düşünülür, lakin bunun mümkün riskləri və “qaranlıq tərəfi”nin nə dərəcədə olacağı hələ tam aydın deyil.

Onun sözlərinə görə, burada vurğulanan iki əsas məqam var:

"Birincisi, anonimlik məsələsidir. Sənədlər doldurularaq tibbi ekspertizaya göndərilir və orada həkimlər müraciət edən şəxsi tanımadan, anonim şəkildə qiymətləndirmə aparırlar. Süni intellektin tətbiqi bu anonimliyi daha da gücləndirə bilər.

İkincisi isə odur ki, süni intellekt müəyyən araşdırma apararaq ilkin rəy və ya qərar formalaşdıracaq, lakin yekun qərar yenə də həkimə yönləndiriləcək.

Bununla belə, burada müəyyən suallar yaranır. Bildiyiniz kimi, bir çox hallarda vətəndaşlar canlı baxışa çağırılır. Bəzən müşahidə olunur ki, 88 forma üzrə göndərilən məlumatlarda qeyd olunan məsələlər həkim tərəfindən təsdiqlənmir. Belə olan halda sual yaranır: süni intellekt bu prosesi necə idarə edəcək? Əgər həkim süni intellektin rəyilə razılaşmasa, bu hansı problemlərə səbəb ola bilər?"

O bildirib ki, bu kimi məqamlar müəyyən suallar doğurur:

"Məhz buna görə təklif etmişəm ki, İctimai Şura ilə görüş keçirilsin. Bildiyiniz kimi, İctimai Şura vətəndaş cəmiyyəti nümayəndələrindən ibarətdir. Onlarla geniş müzakirə və məlumatlandırma aparılması məqsədəuyğun olardı. Bu həm prosesin daha şəffaf izahına, həm də maarifləndirmə işlərinin düzgün qurulmasına kömək edər.

Beləliklə, vətəndaş cəmiyyəti də öz AHT-lərində olan vətəndaşlara bu dəyişiklikləri daha dolğun və aydın şəkildə çatdıra bilər".