Gəmilərin uzaq məsafədən izlənmə sistemi ilə bağlı məlumat
Sosial
Dövlət Dəniz və Liman Agentliyi Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzində Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ) sisteminin proqram təminatını müasirləşdirib.
News24.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Qeyd edilib ki, məqsəd dəniz təhlükəsizliyinin daha da gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsidir.
Yenilənmə nəticəsində sistemin funksionallığı genişləndirilib, məlumatların emal sürəti və dəqiqliyi artırılıb, həmçinin kibertəhlükəsizlik səviyyəsi gücləndirilib. Aparılan texniki təkmilləşdirmələr real vaxt rejimində gəmilərin izlənməsini daha operativ və etibarlı şəkildə həyata keçirməyə imkan verir.
Proqram təminatı Azərbaycanın qoşulduğu "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın (SOLAS-74) tələblərinə, o cümlədən Beynəlxalq Mobil Peyk Təşkilatının (IMSO – International Mobile Satellite Organization) standartlarına tam uyğunlaşdırılıb.
Sistem Azərbaycan bayrağı altında üzən gəmilərin uzaq məsafədən tanınması və izlənməsinin daha effektiv həyata keçirilməsinə şərait yaradır. Aparılan işlər dənizdə hərəkətin monitorinqi, potensial risklərin vaxtında müəyyən olunması və fövqəladə hallara operativ reaksiya imkanlarını genişləndirir.
Eyni zamanda, proqram təminatı regional və beynəlxalq məlumat mübadiləsi platformaları ilə inteqrasiyanı daha yaxşı təmin edir, dənizdə axtarış-xilasetmə mərkəzləri, gəmi sahibləri, eləcə də gəminin identifikasiyası və hərəkətinə nəzarət üçün zəruri mövqe məlumatlarına ehtiyac duyan digər aidiyyəti istifadəçilərlə məlumat mübadiləsini həyata keçirir.