Hansı məhsullar ƏDV-dən azad olunsa, qiymətlər ucuzlaşar?

Hansı məhsullar ƏDV-dən azad olunsa, qiymətlər ucuzlaşar? Sosial

Azərbaycan hökuməti bahalı əntiq əşyaların ölkəyə idxalını əlavə dəyər vergisindən (ƏDV) azad etmək barədə qərar qəbul edib. Qərara əsasən, müəyyən kateqoriyalara aid məhsulların idxalı zamanı ƏDV tətbiq olunmayacaq. Belə ki, bahalı əntiq əşyalar, incəsənət əsərləri, kolleksiya predmetləri və antik əşyalar ölkəyə gətirilərkən bu vergidən azad ediləcək.

Bundan əvvəl uşaq qidaları və bəzi əsas ərzaq məhsullarına tətbiq olunan 18 faiz ƏDV-nin ləğvi ilə bağlı məlumatlar yayılmışdı. Lakin bu istiqamətdə hələlik konkret və sistemli addımların atıldığı müşahidə olunmur.

Hazırda ölkədə xüsusilə uşaq qidaları və bəzi dərman vasitələrinin qiymətlərinin yüksək olması fonunda, qəbul edilən bu qərarın digər məhsul kateqoriyalarına da şamil edilib-edilməyəcəyi sual doğurur.

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, antik əşyaların və incəsənət nümunələrinin ƏDV-dən azad edilməsi cəmiyyətdə suallar doğurur. Onun sözlərinə görə, antik əşyalar, incəsənət tabloları, müxtəlif sənət nümunələri və ya retro avtomobillər çox məhdud sayda insanın maraq dairəsinə daxildir:

“Bu kolleksionerlər ölkədə nə qədərdir ki? Əksəriyyəti də publik şəxslər deyil. Açığı, məhz bu sahəyə güzəşt tətbiq olunması o qədər də anlaşılan deyil. Maddi imkanı olan şəxs onsuz da antik əşya, retro avtomobil alır, lüks məhsullar əldə edir. Belə olan halda niyə məhz bu kateqoriya üzrə vergi güzəşti tətbiq edilməlidir? Hətta düşünmək olar ki, əlavə dəyər vergisi 18 faiz deyil, daha yüksək – məsələn, 25 faiz də ola bilərdi”.

İqtisadçı qeyd edib ki, cəmiyyət üçün daha həssas və vacib sahələr mövcuddur:

“Sadə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri dərman preparatlarına tətbiq olunan 18 faiz ƏDV-dir. Bununla bağlı təkliflərimiz də olub. Bir neçə il əvvəl hazırlayıb aidiyyəti qurumlara təqdim etmişik, ictimai şəkildə də səsləndirmişik. Təəssüf ki, hələlik bu istiqamətdə konkret qərar verilməyib”.

Məsələ ilə bağlı həkim-ekspert Rasif Bağırov bildirib ki, dərman preparatlarının qiymətinə təsir edən əsas amillərdən biri də əlavə dəyər vergisidir:

"Əgər ölkədə dərman vasitələri kütləvi şəkildə istehsal olunmursa və əsasən idxaldan asılılıq varsa, xaricdən gətirilən dərmanlara ƏDV tətbiqi onların qiymətinin artmasına səbəb olur. Yerli istehsal güclü olsaydı, müəyyən vergi siyasəti ilə daxili bazarı qorumaq mümkün olardı. Lakin yerli istehsal kifayət qədər deyilsə, idxal dərmanlara əlavə dəyər vergisinin tətbiqi birbaşa qiymət artımına gətirib çıxarır”.

Həkim qeyd edib ki, dərmanın qiyməti təkcə ƏDV ilə formalaşmır:

"Preparat bazara çıxana qədər müxtəlif mərhələlərdən və qurumlardan keçir, hər mərhələdə müəyyən xərclər əlavə olunur. Nəticədə dərman ilkin qiymətindən 2–3 dəfə baha satışa çıxarıla bilir. Heç olmasa ƏDV-nin ləğvi dərmanların qiymətinin müəyyən qədər aşağı düşməsinə kömək edə bilər. Bu addım atılsa, daha məqsədəuyğun olar. Nə vaxt həyata keçiriləcəyi çətindir demək, amma götürülməsi daha yaxşı nəticə verə bilər".