İran ixracı dayandırdı: Azərbaycanda ərzaq bazarına təsiri olacaq?

İran ixracı dayandırdı: Azərbaycanda ərzaq bazarına təsiri olacaq? Sosial

İranda daxili bazarda ərzaq məhsullarının qiymətlərinin artması fonunda hökumət yeni məhdudiyyətlər tətbiq edib. Rəsmi məlumatlara görə, ölkə rəhbərliyi strateji ərzaq məhsullarının daxili bazarda əlçatanlığını təmin etmək və qiymət artımının qarşısını almaq məqsədilə ixrac siyasətini yenidən nəzərdən keçirib.

İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud iqtisadi vəziyyəti və bazardakı qiymət dəyişikliklərini nəzərə alaraq bir sıra məhsulların xaricə satışına qadağa qoyub. Qərara əsasən, yumurta, pomidor və xurma ixracı qeyri-müəyyən müddətə dayandırılıb. Məqsəd daxili tələbatı ödəmək və bazarda süni bahalaşmanın qarşısını almaqdır.

Qeyd olunur ki, bu addım ərzaq məhsullarına tələbatın artması və qiymətlərin dəyişkənliyi ilə bağlıdır. Rəsmilər hesab edirlər ki, ixracın müvəqqəti məhdudlaşdırılması daxili bazarda sabitliyin qorunmasına kömək edə bilər. Ötən gündən etibarən kartof ixracına da qadağa tətbiq edilib və beləliklə, ixracına məhdudiyyət qoyulan məhsulların siyahısı genişlənib.

Bu qərar Azərbaycan üçün də suallar doğurur, çünki ölkəmizə daxil olan bir çox kənd təsərrüfatı məhsulları məhz İrandan idxal olunur. İxrac qadağası davam edərsə, bu, Azərbaycanda həmin məhsulların təklif həcminə necə təsir göstərəcək? Qiymət artımı gözlənilirmi və daxili bazarda hansı məhsulların bahalaşması ehtimal olunur?

Məsələ ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, İranın yumurta, pomidor, xurma və kartof kimi kənd təsərrüfatı məhsullarının ixracına tətbiq etdiyi qadağa regional bazarlarda qiymət dinamikasına təsir göstərə bilər:

"Xüsusilə bu məhsulları idxal edən qonşu ölkələr, o cümlədən Azərbaycan üçün müəyyən çətinliklər yarana bilər. Əgər Azərbaycanda bu məhsulların bir hissəsi İrandan idxal edilirdisə, təklifin azalması daxili bazarda qiymətlərin yüksəlməsi riskini artırır. Bu təsir xüsusilə mövsümi məhsullarda daha aydın görünə bilər. Digər tərəfdən, idxal mənbələri şaxələndirilmişsə və yerli istehsal daxili tələbatı ödəməyə kifayət edirsə, bu təsir nisbətən məhdud ola bilər".

Akif Nəsirli əlavə edib ki, ixrac qadağası ciddi iqtisadi məsələdir:

"Qısa müddətli ixrac qadağaları bazarda psixoloji təsir də yarada bilər. Lakin uzunmüddətli təsir əsasən məhsulların mövsümi istehsal dövründən, ölkədaxili kənd təsərrüfatı istehsalının həcmindən və alternativ idxal marşrutlarının effektivliyindən asılı olacaq. Belə qərarlar regional ticarət balansına təsir göstərsə də, bazar mexanizmləri və alternativ təchizat kanalları düzgün işlədikdə qiymət şoklarının təsiri azaldıla bilər".