İşçiləri sevindirəcək xəbər: Bu şəxslər daha tez maaş alacaqlar

İşçiləri sevindirəcək xəbər: Bu şəxslər daha tez maaş alacaqlar Sosial

“Əmək Məcəlləsi”nə dəyişiklik edilməsi müzakirə olunur. Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında təqdim olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, əməkhaqqının verilməsi qaydalarında yenilik nəzərdə tutulur. Hazırda işçilərin aylıq əməkhaqqı avans və əsas ödəniş formasında, ən çoxu 16 günlük fasilə ilə ayda iki dəfə ödənilir. Yeni layihə isə əməkhaqqının işçilərə ayda ən azı bir dəfə verilməsini təklif edir.

Layihədə həmçinin məzuniyyətlə bağlı dəyişikliklər yer alır. Belə ki, altı ay iş stajı olan işçilər il bitənə qədər məzuniyyət hüququna malik olacaq. Bu dəyişiklik işçi hüquqlarının daha səmərəli qorunmasına yönəlib. Maraq doğuran əsas sual isə dəyişikliklərin işçi hüquqlarında hansı yeniliklərə səbəb olacağıdır.

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, “Əmək Məcəlləsi”nə təklif olunan yeni dəyişikliklər işçilərin hüquqlarının daha effektiv şəkildə qorunmasına xidmət edir və əmək münasibətlərində şəffaflığı artırır:

“Layihədə yer alan əsas yeniliklərdən biri işçinin məzuniyyət hüququnun gecikdirilməsinin qarşısının alınmasıdır. Məsələn, 6 ay çalışan işçiyə il bitənə qədər məzuniyyət verilməsi artıq məcburi olacaq. Bu, işverən üçün konkret öhdəlik yaradır. Çünki bəzi hallarda 6 ayı tamamlayan işçilərin məzuniyyətə çıxması ləngidilirdi. Yeni dəyişiklik bu gecikdirmələrin qarşısını alacaq və işçinin hüququ yarandığı anda məzuniyyətə göndərilməsini təmin edəcək”.

Xalid Kərimli əlavə edib ki, əməkhaqqının ödənilməsi müddətlərinin dəyişdirilməsi də işçilərin maraqlarına uyğundur:

“Layihəyə görə, əməkhaqqı ay ərzində minimum bir dəfə verilməlidir. Bu, işçilərin gəlirlərinə daha tez çıxış əldə etməsinə imkan yaradır. Məsələn, növbəti ayın 5-nə qədər əvvəlki ay üzrə ödəniş tam şəkildə bağlanmalıdır. Bu, həm ödəniş intizamını gücləndirir, həm də əməkhaqqının gecikməsinin qarşısını alır”.

İqtisadçı bildirib ki, ümumilikdə dəyişikliklər işçi hüquqlarının qorunmasını genişləndirəcək, əmək münasibətlərində məsuliyyəti artıracaq və daha ədalətli iş mühitinin formalaşmasına töhfə verəcək.