Kağız diplomlar tarixə qovuşur: Rəqəmsallaşma nə vəd edir?
Sosial
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara əsasən, təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsi nəzərdə tutulur. Belə ki, ali, orta və peşə təhsil pilləsini bitirmiş şəxslərin diplomları və attestatları artıq elektron formatda təqdim olunacaq. Bu sənədlər “MyGov” tətbiqində də mövcud olacaq.
Bununla yanaşı, vətəndaşları maraqlandıran əsas sual budur: Əvvəlki kağız diplomların elektronlaşdırılması mümükün olacaqmı? Eyni zamanda elektronlaşdırılma hansı üstünlüklər vəd edir?
Bu barədə News24.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, Nazirlər Kabinetinin bu qərarı təhsil sənədlərinin hüquqi statusunu kağız daşıyıcılarla tam bərabərləşdirərək Azərbaycanda rəqəmsal transformasiya prosesini yeni mərhələyə daşıdı: "Bu qaydalara əsasən, əvvəlki illərdə verilmiş kağız sənədlərin elektronlaşdırılması İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Elm və Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində Mərkəzləşdirilmiş Təhsil İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Hazırda 2010-cu ildən sonrakı dövrü əhatə edən əksər sənədlər avtomatik olaraq "MyGov" platformasında görünür. Daha köhnə sənədlər isə vətəndaşların müraciəti əsasında arxiv materialları ilə üzləşdirilərək bazaya daxil edilir və rəqəmsal reyestrdə hüquqi qüvvəyə malik qeyd yaradılır.
Rəqəmsal təhsil sənədləri kağız nüsxələrdən fərqli olaraq bir neçə qatlı müdafiə sistemi ilə təchiz edildiyi üçün onların saxtalaşdırılması texniki cəhətdən demək olar ki, qeyri-mümkündür. Hər bir sənəd unikal bir QR kod və dövlət reyestrinə bağlı rəqəmsal imza ilə təmin olunur ki, bu da işəgötürənlərə sənədin həqiqiliyini saniyələr ərzində birbaşa ana bazadan yoxlamaq imkanı verir. Üstəlik, "MyGov" platformasında sənəd paylaşımı tarixçəsinin izlənilməsi və məlumatların yalnız şəxsin icazəsi ilə ötürülməsi mexanizmi həm fərdi məlumatların məxfiliyini qoruyur, həm də sənəd üzərində kənar müdaxilələrin və "arxa tarix"lə saxta qeydlərin aparılmasının qarşısını tamamilə alır".
Həmçinin məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, kağız formada verilən diplomlar artıq əvvəlki dövrlərdə də "MyGov" platformasında rəsmi çıxarış şəklində mövcud idi:
"Bu baxımdan tətbiq edilən yenilik məzmun baxımından deyil, təqdimat forması ilə bağlıdır. Belə ki, sözügedən sənədlər artıq fiziki daşıyıcıdan asılı olmadan tam elektron formatda təqdim olunur".