Kirayə və satış qiymətləri yüksəlir – Bazarda dönüş nə vaxt olacaq?

Kirayə və satış qiymətləri yüksəlir – Bazarda dönüş nə vaxt olacaq? Sosial

Azərbaycanda mənzil bazarında qiymət artımı davam edir. Bu dinamika həm satış, həm də kirayə seqmentində müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yekununda kirayə qiymətləri 2024-cü illə müqayisədə 7,8% artıb. Eyni zamanda, ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,7%, təkrar mənzil bazarında isə 12,2% yüksəlib.

Bu barədə News24.az-a danışan daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, kəskin qiymət artımı pandemiyadan sonra başlayıb:

“Daşınmaz əmlak bazarında qiymətləri formalaşdıran əsas amil təklif və tələbat balansıdır. Son illərdə isə bu balans pozulub. Əsas qiymət artımı pandemiya dövründəki məhdudiyyətlərin 2020-ci ilin sonu – 2021-ci ildə yumşaldılmasından sonra başladı. Bu dövrdə regionlardan Bakıya böyük axın müşahidə olundu. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işlərinə start verildi.

Tikinti sektorunda aktivliyin artması armatur və digər kütləvi istifadə olunan inşaat materiallarına tələbatı yüksəltdi. Nəticədə, materialların qiyməti bahalaşdı, bu isə tikinti şirkətlərinin maya dəyərinə, normativ xərclərə və vergi yükünə təsir göstərdi. Şirkətlər artan xərcləri kompensasiya etmək üçün satış qiymətlərini qaldırdılar.

2021-ci ildən etibarən hər ilin sonunda mənzillərin satış qiymətlərində orta hesabla 10–15% artım qeydə alınmağa başladı. Əmlakı icarəyə vermək məqsədilə alan şəxslər isə onu bazar qiymətindən daha yüksək qiymətə təklif edirdilər”.

Elnur Azadov ölkəyə gələn miqrantların mənzil alış və kirayə qiymətlərinə təsiri barədə də danışıb:

“2022–2023-cü illərdə Rusiya-Ukrayna müharibəsi zamanı Bakıya xeyli sayda miqrant gəldi. Qısa müddətdə artan bu axın kirayə bazarına da ciddi təsir göstərdi və icarə mənzillərinə tələbatı yüksəltdi. Nəticədə həm satış, həm də kirayə seqmentində müəyyən mənada qıtlıq yarandı, qiymət artımı isə davam etdi.

Son iki ilin statistikasına görə, satış qiymətləri orta hesabla 12–13%, kirayə qiymətləri isə 5–8% artıb. Bu bazarda balansın pozulduğunu göstərir. Yəni satış qiymətləri kirayə qiymətlərindən daha sürətli artır. Bunun əsas səbəblərindən biri ipoteka kreditlərinə müraciətlərin çoxalmasıdır. İpoteka faizlərinin təxminən 8% olduğu şəraitdə bazarda illik qiymət artımı 12–13% civarında olduğundan bir çox şəxslər investisiya məqsədilə ipotekalı mənzil almağa üstünlük verir”.

Ekspert həmçinin mövsümi amillərin qiymətlərə təsir etdiyini bildirib:

“Digər mövsümi amillər də bazara təsir göstərir. Avqustdan etibarən tələbələrin bir qismi yenidən iri şəhərlərə qayıdır. Qış mövsümündə regionlarda iş imkanlarının azalması səbəbindən müvəqqəti qazanc üçün şəhərlərə üz tutanların sayı artır. Bundan əlavə, yaxın dövrdə gözlənilən “pilot layihələr” və söküntü prosesləri də kirayə bazarında əlavə tələbat yaradacaq”.

Mütəxəssis bazar qiymətlərinin yaxın illərdə stabilləşməyəcəyini vurğulayıb:

“Bütün bu amilləri nəzərə alaraq demək olar ki, yaxın bir il – il yarım ərzində satış və kirayə qiymətlərində sabitləşmə gözlənilmir. Mövcud dinamika qiymət artımının davam edəcəyini göstərir”.

Gülçin Abdullayeva