Evlərini kirayə verənlər üçün yeni qayda: Ekspert xəbərdarlıq edir!

Evlərini kirayə verənlər üçün yeni qayda: Ekspert xəbərdarlıq edir! Sosial

Evlərini kirayəyə verən fiziki şəxslərlə bağlı yeni qanun qəbul edilib. Qanuna əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb ediləcək. Belə ki, bu kateqoriyaya aid gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bəs bu vergi artımı kirayə bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov News24.az-a açıqlamasında bildirib ki, qəbul edilən qanun layihəsinin kirayə bazarına müsbət təsir göstərəcəyi gözlənilmir. Onun sözlərinə görə, ölkədə kirayə fonduna daxil olan daşınmaz əmlakların təxminən 95 faizi qeyri-rəsmi formada icarəyə verilir, bunun əsas səbəbi isə 14 faiz dərəcəsində tətbiq olunan mövcud vergi yüküdür.

Ekspert qeyd edib ki, daha səmərəli vergi siyasəti üçün vergi dərəcəsinin 3–5 faiz aralığında müəyyən edilməsi məqsədəuyğun olardı:

"Bu halda daha çox vətəndaşın rəsmi icarə münasibətlərinə cəlb olunması və dövlət büdcəsinə ümumi gəlirin artması mümkün ola bilər".

Elnur Azadovun fikrincə, vergilərin yüksək olması ölkədə kölgə iqtisadiyyatının genişlənməsinə şərait yaradır:

"Bu isə bir çox hallarda vergi öhdəliklərindən yayınma hallarını artırır".

O, həmçinin bildirib ki, kirayə müqaviləsinin mövcud olub-olmamasından asılı olmayaraq, hər bir vətəndaş əldə etdiyi gəlirdən dövlətə vergi ödəməlidir.

Xeyrənsə Piriyeva