Küçəyə tüpürənlər, siqaret kötüyü atanlarla nə edək? - Cəza, yoxsa maarifləndirmə?
Sosial
Şəhər mühitində etik davranış qaydalarına əməl olunması məsələsi son dövrlərdə daha çox müzakirə mövzusuna çevrilib. Belə ki, bəzi hallarda vətəndaşların ictimai yerlərdə yola tüpürməsi, siqaret çəkə-çəkə hərəkət etməsi və digər oxşar davranışlar sərgiləməsi həm ümumi şəhər mədəniyyətinə mənfi təsir göstərir, həm də ətrafdakı insanlarda narahatlıq yaradır.
Bu vəziyyətin fonunda sual yaranır: ictimai etik qaydaları pozan şəxslərə qarşı cərimə tətbiq olunmalıdırmı? Yaxud bu cür davranışların qarşısını almaq üçün hansı effektiv addımlar atılmalıdır?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı qeyd edib ki, son dövrlərdə bu hal ictimai davranış, etik qaydalar və ümumi mədəniyyət səviyyəsinin müəyyən qədər zəifləməsi ilə əlaqələndirilir: "Tərbiyəli insanlar bu cür hallara yol vermirlər. Bununla belə, qeyd etmək lazımdır ki, bu məsələ təkcə bizim cəmiyyətə xas deyil, dünyanın bir çox ölkələrində də müşahidə olunur.
Bir çox ölkələr bu problemin qarşısını almaq üçün sərt tədbirlər tətbiq ediblər. Məsələn, Avropa ölkələrində belə hallara görə yüksək məbləğdə cərimələr və ciddi cəzalar nəzərdə tutulur. Nəticədə insanlar bu davranışlardan çəkinməyə başlayır və problem müəyyən qədər aradan qalxır.
Bizdə isə təkcə maarifləndirmə kifayət etmir. Bəzi insanlar bu məsələlərə əhəmiyyət vermir və qaydalara əməl etmirlər. Belə hallarda yalnız cəza və cərimə mexanizmləri təsirli ola bilər. Bir neçə dəfə cərimə tətbiq olunduqdan sonra həmin şəxslər bu cür davranışlardan çəkinməyə başlayırlar".
Bununla yanaşı, sosioloq qeyd edib ki, bu məsələlər paralel şəkildə ailədə və məktəbdə uşaqlıqdan tərbiyə yolu ilə aşılanmalıdır: "İctimai davranış qaydaları, etik normalar, başqalarına mane olmamaq, problem yaratmamaq və ətraf mühiti çirkləndirməmək kimi dəyərlər erkən yaşlardan formalaşdırılmalıdır.
Digər tərəfdən isə nəzarət və cəzalandırma mexanizmləri mütləq tətbiq olunmalıdır. Çünki bəzi şəxslər tərbiyə və maarifləndirməyə baxmayaraq, davranışlarını dəyişmirlər. Belə hallarda yalnız cəza tədbirləri effektiv nəticə verə bilər.
Bu yanaşma artıq bir çox ölkədə özünü doğrultmuş praktikadır. Məsələn, bəzi Avropa ölkələrində bu kimi qayda pozuntularına görə 500, 1500, hətta 5000 avroya qədər cərimələr tətbiq olunur. Bu səbəbdən insanlar belə davranışlara yol verməyə cəsarət etmirlər.
Bundan əlavə, ictimai nəzarət də mühüm rol oynayır. Yalnız dövlət nəzarəti deyil, vətəndaşların da bu cür hallara qarşı həssas olması, qayda pozanları ictimai qınağa məruz qoyması və müvafiq qurumlara məlumat verməsi nəticələrin daha effektiv olmasına kömək edir.
Nəticə etibarilə, bu problemin həlli üçün iki əsas istiqamət paralel şəkildə həyata keçirilməlidir: birincisi, uşaqlıqdan ailə və məktəbdə düzgün tərbiyənin formalaşdırılması, ikincisi isə effektiv nəzarət və cəza mexanizmlərinin tətbiq edilməsi. Bu yanaşma ilə problemin qarşısını almaq mümkündür".